Şahin Mustafayev: "BMT-Azərbaycan Tərəfdaşlıq Sənədi çərçivəsində ayrılmış vəsaitin 95%-i xərclənib"
- 03 may, 2019
- 07:48
Yeniliklərdən dərhal xəbərdar olun!
"2018-ci ildə BMT və Azərbaycanın icra etdiyi ortaq layihələrə 4 998 519 ABŞ dolları xərclənib".
Report xəbər verir ki, bu vəsait "2016-2020-ci illər üçün BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədi" (UNAPF) çərçivəsində birinci strateji sahə üzrə xərclənib.
Sənəd üzrə istiqamətləndirici komitənin iclasında çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, 3 strateji sahəni əhatə edən sənəd çərçivəsində ümumilikdə 71,9 mln. dollar ayrılması nəzərdə tutulub: "Bu vaxta qədər onun 68,2 mln. dolları, yaxud 95%-i xərclənib".
İstiqamətləndirici Komitənin iclasında iqtisadi artım və layiqli əmək, institusional potensial, dövlət xidmətləri və sosial xidmətlər, eləcə də ətraf mühitin mühafizəsi və təbii fəlakət risklərinin azaldılması sahələrində BMT-nin Azərbaycanın inkişafı üçün verdiyi töhfələr müzakirə olunub.
İstiqamətləndirici komitə UNAPF-ın 2018-ci ildə icrası zamanı əldə olunan nəticələri qəbul edib, həmçinin, 2019-2020-ci illər üzrə birgə iş planlarını, aralıq icmalın nəticələrini və UNAPF-ın yekun qiymətləndirilməsi üçün şərtləri təsdiq edib.
2016-2020-ci illər üçün UNAPF sənədi Azərbaycanda BMT sisteminin hazırladığı dördüncü əməkdaşlıq sənədidir. Bu sənəd inkişafa yardım üzərində qurulan əməkdaşlıqdan milli potensialın artırılmasına töhfə verən, milli planlaşdırma prosesi ilə uzlaşmaqla daha çox bilik tələb edən və təşviqatyönlü birgə səylərə əsaslanan tərəfdaşlığa keçidlə səciyyələnir.