"Bir Kredit" BOKT-un istiqrazlarına 68 investor maraq göstərib

Maliyyə
  • 09 yanvar, 2026
  • 17:20
Bir Kredit BOKT-un istiqrazlarına 68 investor maraq göstərib

Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "Bir Kredit" MMC bank olmayan kredit təşkilatının (BOKT) 2 milyon manat dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə "Report"a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd istiqraz kütləvi təklif üsulu ilə yerləşdirilib. İstiqrazlara 68 investor 2 milyon manatlıq 68 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.

Qiymətli kağızlar 1 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 11,5 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.

Emitent tədavül müddətində qiymətli kağızları nominal dəyərindən aşağı olmamaq şərti ilə geri almaq öhdəliyinə malikdir.