BFB: Listinqə çıxmağa hazır şirkət yoxdur

Maliyyə
  • 06 may, 2017
  • 08:49
BFB: Listinqə çıxmağa hazır şirkət yoxdur

Bakı. 6 may. REPORT.AZ/ Bu gün Azərbaycanda listinqə çıxmağa hazır olan şirkət yoxdur.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən “FİF2017” maliyyə investisiya forumunda çıxışı zamanı “Bakı Fond Birjası” QSC-nin (BFB) Biznesin inkişafı qrupunun rəhbəri Abdulla İsayev deyib.

Onun sözlərinə görə, bu, kapital bazarını tənzimləyən dövlət qurumlarının fəaliyyəti ilə bağlı deyil. 

“Mövcud vəziyyət şirkətlərin özləri ilə bağlıdır. Bir sıra problemlər var. Onlardan biri düşüncə tərzidir. Ailə biznesi olan şəxslər bunu başqası ilə bölüşmək, kapital cəlb etmək istəmir. Halbuki, kapital bazarının imkanlarından istifadə etməklə gələcəkdə daha çox pul qazanmaq olar. Bundan başqa, şirkətlərin şəffaflığı ilə bağlı problem var. Şəffaf maliyyə hesabatı olmayanlar IPO-dan (səhmlərin ilkin tədavülü) danışa bilməz. IPO ilə bağlı tələblər normaldır, amma onları yerinə yetirə biləcək şirkət yoxdur. Biz BFB olaraq listinq məsləhət proqramı hazırlamışıq. Şirkətləri kapital bazarı vasitəsilə maliyyələşməsə təşviq edirik, onlara kopporativ idarəetmədən şəffaflığa qədər bir sıra məsələlərdə dəstək veririk”, - deyə A.İsayev qeyd edib.