BFB: ESG ilə əlaqəli maliyyə alətləri haqqında düşünmək lazımdır
- 07 sentyabr, 2026
- 16:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Növbəti mərhələdə ESG ilə əlaqəli maliyyə alətləri haqqında düşünmək lazımdır.
"Report" xəbər verir ki, bunu "Bakı Fond Birjası" QSC-nin (BFB) "Yaşıl Maliyyə" üzrə məhsul rəhbəri Aygün Həsənova "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"da bildirib.
Onun sözlərinə görə, "yaşıl istiqraz"lar beynəlxalq səviyyədə yaxşı tanınır və geniş istifadə olunur: "Onlar sadə struktura malikdir və maliyyələşməni bizi maraqlandıran məqsədlərə xidmət edən, dəqiq müəyyən edilmiş yaşıl layihələrlə aydın şəkildə əlaqələndirir. Bu gün üçün ən praktik alət hesab etmək olar. Lakin növbəti mərhələdə ESG ilə əlaqəli maliyyə alətləri haqqında düşünməliyik, çünki onların tərifi daha genişdir. Bu alətlər belə layihələrdə iştirak edəcək və ya onları təşəbbüs edəcək şirkətlərin əhatə dairəsini genişləndirəcək. Burda daha çox şirkətin fəal iştirakına ehtiyacımız var".
"Beləliklə, növbəti mərhələ, ehtimal ki, "yaşıl layihə" adlandırılmayan, lakin davamlılıq məqsədləri istiqamətində real və ölçülə bilən təkmilləşmələr təmin edən təşəbbüsləri də maliyyələşdirən alətləri təqdim etməyə başladığımız vaxt olacaq. Bu, daha çox şirkətə bu istiqamətdə iştirak etməyə imkan verəcək. Nəhayət, karbon bazarlarına gəldikdə, hamımız razılaşarıq ki, bu, çox böyük, lakin daha uzunmüddətli imkandır. Möhkəm karbon bazarı formalaşdırmaq üçün etibarlı ölçmə metodologiyalarına ehtiyacımız var. Çox təfərrüatlı hesabatlılıq və doğrulama standartlarımız olmalıdır. İnvestor inamını və etibarını inkişaf etdirməyə kömək edəcək çox güclü reyestrlərə ehtiyacımız var. Çünki əsas məqsəd mümkün qədər çox maliyyə alətinə sahib olmaq və ya sadəcə bir karbon bazarı yaratmaq deyil. Əsas məsələ investorların marağını həqiqətən cəlb edəcək, emitentlərin real tələbatını artıracaq və yekunda davamlılıq məqsədlərimizə real, ölçülə bilən təsir göstərəcək etibarlı layihələrə gətirib çıxaran alətlərə malik olmaqdır", - deyə Birja rəsmisi əlavə edib.