"Bank BTB"nin 295 milyon manatlıq aktivləri ABB-yə ötürülüb

Maliyyə
  • 08 may, 2026
  • 11:20
Bank BTBnin 295 milyon manatlıq aktivləri ABB-yə ötürülüb

"Bank BTB" ASC-nin təxminən 295 milyon manatlıq aktivləri "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə (ABB) ötürülüb.

"Report" xəbər verir ki, bunu ABB-nin İdarə Heyətinin (İH) sədri Abbas İbrahimov bildirib.

"Bir müddət əvvəl "Bank BTB"dən əmanətlərin transferi ilə bağlı ABB-yə müraciət edilmişdi, eyni zamanda Azərbaycan Mərkəzi Bankının (AMB) müraciəti olmuşdu. Bu təşəbbüs ABB-nin strateji inkişaf planına, aktivləri artırmaq hədəflərinə uyğun idi. 295 milyon manatlıq aktivin əsas hissəsi 250 milyon manatlıq kredit portfelidir. Bunun da 70 %-i və yaxud 180 milyon manatı ipoteka kreditləridir. Nəzərə alsaq ki, ipoteka kreditlərində bizim kifayət qədər təcrübəmiz var, bizim üçün maraqlı bir portfel oldu, qiymətləndirdik və razılaşdıq. Portfelin böyük hissəsi ötürülüb, daha çox dövlət fondları ilə bağlı proseslərdən dolayı kiçik hissənin ötürülməsində bir qədər gecikmələr var. Biz bu prosesi mayın sonuna, uzağı iyunda tamamilə bitirmək istəyirik", - deyə o qeyd edib.

Bankirin sözlərinə görə, "Bank BTB"nin aktivləri ilə yanaşı öhdəlikləri də ABB-yə ötürülür: "Yəni müştərilərin vəsaitləri də bizə keçdi. ​Bu da çox həssas məsələ idi - həm bizim üçün, həm də AMB üçün. Bu proses elə təşkil olundu ki, heç bir tərəfdən hansısa şikayət olmadı. Bir neçə gün ərzində həm cari, həm də depozit hesabları ötürülüb. Təxminən 13 min müştərinin 20 min hesabından (depozit) söhbət gedir. Biz onlara təklif etdik ki, əgər istəsəniz vəsaitinizi faizlər daxil olmaqla nağd şəkildə qaytaraq və sağollaşaq. Hamısı dedi ki, yox, biz istəyirik ABB-yə keçək. Bizim müştəri olmaq onlar üçün bir üstünlük idi. Burda söhbət həm də bank sektoruna inamdan gedir".

ABB-nin İH sədrinin müavini, Baş maliyyə inzibatçısı Nəbi Əliyev isə bildirib ki, ABB xarici bazarlarda istiqraz buraxılışı imkanlarını qiymətləndirir: Faiz gözləntimiz 4,5-5,5 %-dir. Bu gün bizim üçün əlverişli faizlər budur. Uzunmüddətli vəsait cəlb etmək istəyirik ki, uzunmüddətli planlarımızı dəstəkləyək. Əgər sərfəli şərtlər olsa buraxılış həyata keçiriləcək. Sərfəli şərtlər olmasa, təbii ki, etməyəcəyik. Hazırda bank seçmək mərhələsindəyik. Bu, ABŞ, Avropa və Körfəz ölkələrinin bankı ola bilər. Qiymətli kağızlar bazarı daima dəyişir, həmin dövrdəki qiymət və təkliflərə uyğun qərar qəbul edəcəyik. Bu gün bizim hər hansı likvidlik üçün ciddi, ani maliyyələşməyə ehtiyacımız yoxdur. Sadəcə, daha uzunmüddətli kreditləşmə, daha uzunmüddətli maliyyələşmə perspektivi, öhdəliklərin diversifikasiyası məqsədilə bu imkanı dəyərləndiririk. Bununla bağlı qərarı növbəti iki-üç ayda daha dəqiq elan edə biləcəyik. Bu istiqrazın buraxıldığı birjalar London birjası da ola bilər, digər birjalar da".

Sədr müavini "Bank BTB" barədə də danışıb: "Bank BTB"də milli valyutada ümumi məbləği 120 milyon manat olan 3 minə yaxın, xarici valyutada isə 4 milyon manat ekvivalentində 137 müddətli depozit var. Beləliklə, ümumilikdə 124 milyon manatlıq müddətli depozit mövcuddur. Cari hesablarda isə 12 min nəfərə yaxın şəxsin təxminən 3 milyon manat vəsaiti toplanıb".