Bakıya I yarımildə 4 milyard manat investisiya qoyulub
- 08 avqust, 2023
- 07:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Bakı şəhərinin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4 milyard 032,3 milyon manat vəsait yönəldilib.
Bu barədə “Report” Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,3 % çoxdur.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 2 milyard 169,1 milyon manatı və ya 53,8 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.
Bu ilin yanvar-iyun aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 81,5 %-ini tikinti, yenidənqurma və genişləndirmə, 5,9 %-ini əsaslı təmir, 7,6 %-ini cari təmir, 5 %-ini isə sair tikinti işləri təşkil edib.
Ümumi inşaat işlərinin 90,6 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.
Bu ilin yanvar-iyun aylarında Bakı şəhərində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Kənd Təsərrüfatı Nazirliyinin yeni inzibati binaları, “Bakı KOB evi”, “STEAM İnnovasiya Mərkəzi” və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.
Xatırladaq ki, 2023-cü ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7 milyard 148,3 milyon manat və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,4 % çox vəsait yönəldilib.