Bakıda WGPPA-nın İllik Toplantısı keçirilir

Maliyyə
  • 01 iyul, 2026
  • 11:57
Bakıda WGPPA-nın İllik Toplantısı keçirilir

Bakıda Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatın Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun (WGPPA) İllik Toplantısı keçirilir.

"Report" xəbər verir ki, toplantıya WGPPA-ya üzv və müşahidəçi qismində təmsil olunan 20-dən çox ali audit orqanının nümayəndələri qatılıblar.

WGPPA INTOSAI-ın daimi işçi qrupu olmaqla dövlət satınalmalarının auditi sahəsində metodoloji yanaşmaların təkmilləşdirilməsi, qabaqcıl təcrübələrin paylaşılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyət göstərir.

Proqrama əsasən, tədbirin açılış mərasimindən sonra iştirakçılar dövlət satınalmalarının auditi sahəsində son yeniliklər, beynəlxalq standartların tətbiqi, rəqəmsal həllər, risk əsaslı audit yanaşmaları və müxtəlif ölkələrin bu sahədə təcrübəsi ilə bağlı təqdimat və panel müzakirələrində iştirak edəcəklər.

Toplantıda həmçinin İşçi Qrupun fəaliyyəti, gələcək iş planı və yeni təşəbbüslər ətrafında fikir mübadiləsi aparılacaq.

Tədbirin dövlət satınalmalarının auditi sahəsində mövcud çağırışların müzakirəsi, innovativ yanaşmaların təşviqi və ali audit orqanları arasında əməkdaşlığın daha da genişləndirilməsi baxımından mühüm platforma olacağı gözlənilir.