Bakıda keçirilən beynəlxalq audit konfransının iştirakçıları Prezidentə müraciət ediblər
- 16 sentyabr, 2026
- 15:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda təşkil olunan "Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol" adlı beynəlxalq elmi-praktik konfransın iştirakçıları tərəfindən Prezident İlham Əliyevə ünvanlanan müraciət qəbul olunub.
"Report" xəbər verir ki, müraciət mətnini Azərbaycan Auditorlar Palatasının əməkdaşı Afiqə Bayramova oxuyub.
Müraciətdə deyilir:
- Möhtərəm cənab Prezident, biz müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Azərbaycan Respublikası Auditorlar Palatasının 30 illik yubileyinə həsr edilmiş "Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol" mövzusunda Beynəlxalq Elmi-Praktik Konfransın Azərbaycan, Gürcüstan, İsrail, Qazaxıstan, Latviya, Litva, Moldova, Pakistan, Rusiya Federasiyası, Türkiyə və Özbəkistanı təmsil edən iştirakçıları olaraq, Sizin rəhbərliyinizlə həyata keçirilən ardıcıl və məqsədyönlü dövlət siyasəti nəticəsində Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı yolunda mühüm nailiyyətlər qazandığını, beynəlxalq nüfuzunu davamlı şəkildə artırılmasını və müasir idarəetmə prinsiplərinə əsaslanan inkişaf modeli ilə regionda və daha geniş coğrafiyada örnək dövlət kimi tanındığını xüsusi ehtiram hissi ilə qeyd edirik.
Konfransın iştirakçılarına ünvanladığınız təbrik məktubuna görə Sizə dərin minnətdarlığımızı bildiririk. Konfrans iştirakçılarına göstərdiyiniz yüksək diqqət və etimadı, bütövlükdə audit peşəsinə və şəffaflığa verilən böyük dəyərin mühüm ifadəsi kimi qiymətləndiririk. Zati-alilərinizin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlar nəticəsində maliyyə hesabatlılığının etibarlılığı, hesabatvermə mədəniyyəti, şəffaflıq və audit institutunun cəmiyyət və dövlət üçün əhəmiyyəti daha da artmışdır.
Böyük qürur hissi ilə qeyd edirik ki, müstəqil Azərbaycanın audit sistemi zati-alilərinizin rəhbərliyi altında mühüm uğurlar qazanmışdır. Zati-aliləri konfrans çərçivəsində qlobal iqtisadiyyatın sürətlə rəqəmsallaşdığı, süni intellekt texnologiyalarının, böyük verilənlər analitikasının və rəqəmsal platformaların idarəetmənin ayrılmaz hissəsinə çevrildiyi müasir dövrdə audit institutunun daha da müasir çağırışlara uyğun olaraq yeni keyfiyyət mərhələsində inkişafının davam etdirilməsinə dair müzakirələr aparılacaqdır. Bu baxımdan Azərbaycanın rəqəmsal inkişaf və beynəlxalq rəqəmsal əməkdaşlıq sahəsində atdığı mühüm addımları da xüsusilə qeyd etmək istərdik.
Ölkəmizin 2026-cı il 1 sentyabr tarixində Beynəlxalq Hökumətlərarası Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzvlüyü ilə bağlı atdığı addım Azərbaycanın qlobal rəqəmsal əməkdaşlıq məkanında fəal iştirakının və rəqəmsal iqtisadiyyatın inkişafına verdiyi önəmin göstəricisi kimi qiymətləndirilir. Rəqəmsal İnkişaf Şurasının yaradılması milli texnoloji potensialın gücləndirilməsi, rəqəmsal suverenliyin möhkəmləndirilməsi və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi istiqamətində görülən işlər ölkəmizin müasir texnoloji çağırışlara çevik və sistemli şəkildə cavab verdiyini nümayiş etdirir.
Möhtərəm cənab Prezident, Sizi əmin edirik ki, konfrans iştirakçıları ölkələrimizin həyata keçirilən iqtisadi siyasətin prioritetlərinə, şəffaflığın və hesabatlılığın daha da gücləndirilməsinə, maliyyə intizamının möhkəmləndirilməsinə və iqtisadiyyatda səmərəliliyin yüksəldilməsinə öz töhfələrini vermək əzmindədirlər. Bir daha konfrans iştirakçılarına ünvanladığınız məktuba, audit peşəsinə və Auditorlar Palatasının fəaliyyətinə göstərdiyiniz yüksək diqqət və dəstəyə görə Sizə dərin təşəkkürümüzü bildirir, Azərbaycanın iqtisadi inkişafının, şəffaf və hesabatlı idarəetmə sisteminin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyiniz siyasətə bundan sonra da öz töhfəmizi verməyə hazır olduğumuzu bəyan edirik.