Bakıda IsDB Qrupunun illik toplantısında yeni sazişlər imzalanıb
- 19 iyun, 2026
- 13:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci illik toplantısı çərçivəsində bir sıra sazişlər imzalanıb.
Bu barədə "Report" xəbər verir.
Qrup adından sənədlər İslam İnkişaf Bankı, İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası (ICIEC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), eləcə də Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyası (ITFC) tərəfindən imzalanıb.
İmzalanmış ilk sənəd Kot-d'İvuarda Tafire-Ferkeseduqu avtomobil yolunun modernləşdirilməsinə dəstək məqsədi daşıyır. Söhbət IsDB-nin adi kapital resurslarından (OCR) vəsaitin ayrıldığı 58 kilometr uzunluğunda genişmiqyaslı infrastruktur investisiya layihəsindən gedir. Bu flaqman proqramın ümumi dəyəri 218,7 milyon avro təşkil edir. Layihənin həyata keçirilməsi yola sərf edilən vaxtın, nəqliyyat xərclərinin azalmasına, yol hərəkəti təhlükəsizliyinin artmasına və Kot-d'İvuarın regional ticarət və logistika mərkəzi kimi rolunun güclənməsinə gətirib çıxaracaq.
Qambiya ilə imzalanmış sənəd "Peşə təhsili səviyyəsinin yüksəldilməsi və gənclərin məşğulluğuna dəstək" layihəsinin həyata keçirilməsi ilə bağlıdır. Layihə İnkişaf naminə Əməkdaşlıq Fondunun (ICF) 19 milyon ABŞ dolları məbləğində krediti, IsDB-nin 20 milyon dollar məbləğində vəsaiti, eləcə də IsDB-nin 1,01 milyon dollar məbləğində qrantı daxildir. Təşəbbüs gənclərin praktik bacarıqlara yiyələnməsinə, onların işlə təmin olunma imkanlarının genişləndirilməsinə, eləcə də texniki və peşə təhsili sisteminin institusional potensialının gücləndirilməsinə yönəldilib.
Mavritaniya ilə razılaşma ucqar ərazilərdə kəndlərin elektrikləşdirilməsi layihəsini əhatə edir. Maliyyələşdirmə IsDB-nin 25,35 milyon ABŞ dolları və ICF-nin 33,39 milyon ABŞ dolları məbləğində hissəvi satış maliyyələşməsi hesabına təmin edilir. Proqramın ümumi büdcəsi 69,5 milyon ABŞ dolları təşkil edir və ucqar yaşayış məntəqələrinin enerji təminatının genişləndirilməsində irəliyə doğru mühüm addımdır.
Bundan başqa, Somali ilə birgə 2026-2028-ci illər üçün Çərçivə əməkdaşlıq proqramına start verilib. Dəyəri 45 milyon ABŞ dolları olan proqram dayanıqlı infrastruktura, ərzaq təhlükəsizliyinin təmin edilməsinə və insan kapitalının inkişafına investisiya yatırmaqla qeyri-sabit iqtisadi şəraitdə dayanıqlığın və iqtisadi transformasiyanın stimullaşdırılmasına yönəldilib.
Həmçinin IsDB Bəhreynlə sənaye sektorunun inkişaf strategiyasına və "Vision 2030" proqramına uyğun olaraq həyata keçirilən Salman sənaye şəhərinin genişləndirilməsi layihəsi çərçivəsində saziş imzalayıb. Layihə müasir infrastrukturun qurulmasını və yeni istehsal müəssisələri üçün sənaye meydançalarının yaradılmasını nəzərdə tutur.
Bəhreynlə imzalanmış digər bir sənəd Kral Faysal şossesinin modernləşdirilməsi layihəsi ilə bağlıdır. Təşəbbüs çoxsəviyyəli yol infrastrukturunun inşası və intellektual nəqliyyat sistemlərinin tətbiqi yolu ilə əsas iqtisadi mərkəzlər arasında nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasına yönəlib.
Fələstin Dövləti ilə günəş elektrik stansiyasının tikintisinə dair 37 milyon dollar dəyərində saziş bağlanıb. İnkişaf naminə Əməkdaşlıq Fondunun krediti hesabına maliyyələşdirilən layihə 20 meqavat həcmində enerji istehsalını nəzərdə tutur.
IsDB İslam Ölkələrinin Podratçılar Federasiyası (FOCIC) ilə anlaşma memorandumu imzalayıb. Sənəd özəl sektorun infrastruktur layihələrinə cəlb olunmasının genişləndirilməsini, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə tikinti sahəsinin rəqabət qabiliyyətinin artırılmasını, habelə maliyyələşdirmə mexanizmlərinin və podratçı şirkətlərin iri layihələrin icrasına hazırlığının təkmilləşdirilməsini nəzərdə tutur.
Belçikanın "Enabel" inkişaf agentliyi ilə bağlanmış Anlaşma Memorandumu çərçivəsində tərəflər maliyyələşdirmə alətləri və institusional bilik mübadiləsi daxil olmaqla birgə inkişaf proqramlarının həyata keçirilməsi üzrə tərəfdaşlığı razılaşdırıb.
Daha bir memorandum IsDB və Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) arasında imzalanıb. Sənəd humanitar və sosial-iqtisadi proqramların həyata keçirilməsi vasitəsilə miqrantların, məcburi köçkünlərin və onları qəbul edən icmaların dəstəklənməsinə yönəldilib.
Eyni zamanda, IsDB və İslam Ərzaq Təhlükəsizliyi Təşkilatı arasında anlaşma memorandumu imzalanıb. Sazişdə təşkilata üzv dövlətlərdə ərzaq sistemlərinin gücləndirilməsi və kənd təsərrüfatının inkişafı üzrə birgə fəaliyyət nəzərdə tutulub.
"3R Facility" mexanizmi çərçivəsində IsDB ilə "Islamic Relief USA" təşkilatı arasında donor töhfəsinə dair ayrıca sənəd imzalanıb. Sənəd silahlı münaqişələrdən, təbii fəlakətlərdən və digər böhran vəziyyətlərindən zərər çəkmiş üzv ölkələrə qrantların verilməsinə yönəlib.
Bununla yanaşı, tərəflər münaqişədən zərər çəkmiş Sudan sakinlərinə humanitar yardımın göstərilməsinə dair öhdəliklər barədə məktub imzalayıblar. IsDB bu məqsədlər üçün 2,5 milyon ABŞ dolları, "Islamic Relief USA" isə 4,5 milyon ABŞ dolları ayıracaq. Təxminən 374,8 min nəfərin yardım əldə edəcəyi gözlənilir.
ICIEC və Ərəb Ticarətinin Maliyyələşdirilməsi Proqramı (ATFP) 50 milyon ABŞ dolları dəyərində ticarət sığortası üzrə sənəd imzalayıb. Sənəd üzv dövlətlər arasında ticarətin maliyyələşdirilməsinin genişləndirilməsini və transsərhəd əməliyyatlar üçün likvidliyin əlçatanlığının artırılmasını nəzərdə tutur.
Bəhreyn Milli Bankı ilə ümumi məbləği 25 milyon ABŞ dolları olan sənəd və sənədli akkreditivlərin sığortalanmasına dair sazişlər imzalanıb. Sənədlər ticarət kreditlərinin sığortalanmasına dair alətlərin inkişafını və beynəlxalq ticarət əməliyyatlarının dəstəklənməsini nəzərdə tutur.
ICIEC-in daha bir sazişi Türkiyədə Kınalı-Tekirdağ-Çanaqqala-Savaştepe avtomagistralının Kınalı-Malkara hissəsinin tikintisi üzrə infrastruktur layihəsi ilə bağlıdır. Korporasiya bu yolun tikintisinin, istismarının və texniki xidmətinin maliyyələşdirilməsi üçün 150 milyon avro məbləğində suveren risklərin təminatını həyata keçirəcək. Layihəyə "Standard Chartered Bank" və ING cəlb olunub.
Bundan əlavə, ICIEC Uqandanın Lira şəhərində Misirin SAMCO şirkəti tərəfindən həyata keçirilən tikinti layihəsi üçün 65 milyon ABŞ dolları məbləğində sığorta təminatı təqdim edib. Layihə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında investisiya əməkdaşlığının dərinləşdirilməsinə yönəlib.
Eyni zamanda, ICIEC və Çinin "Bank of Huzhou" arasında strateji əməkdaşlığa dair memorandum imzalanıb. Sənəddə Korporasiyaya üzv ölkələrdə ticarət, investisiya və layihələrin maliyyələşdirilməsi sahələrində tərəfdaşlığın genişləndirilməsi nəzərdə tutulub.
ICD Qazaxıstanın "KazAqroFinans" SC ilə anlaşma memorandumu imzalayıb. Saziş Qazaxıstanda ölkənin dayanıqlı sosial-iqtisadi inkişaf prioritetlərinə cavab verən layihələrin maliyyələşdirilməsinə dair imkanların araşdırılmasına yönəlib.
Bununla yanaşı, ICD ilə Afrika Həmrəylik Fondu (FSA) arasında imzalanan niyyət məktubunda tərəflər üzv dövlətlərdə layihələrin həyata keçirilməsi üçün kreditlərin keyfiyyətinin artırılması üzrə alətlər və zəmanət mexanizmləri sahəsində qarşılıqlı fəaliyyəti inkişaf etdirmək barədə razılığa gəliblər.
ICD və Böyük Britaniyanın "Texel Group" şirkəti arasında imzalanan anlaşma memorandumu maliyyə alətlərinin strukturlaşdırılması və sığorta mexanizmlərinin tətbiqi sahəsində tərəfdaşlığın genişləndirilməsinə yönəlib.
Beynəlxalq İslam Ticarət-Maliyyə Korporasiyası (ITFC) Burkina-Faso ilə 1 milyard ABŞ dolları məbləğində beşillik çərçivə sazişi imzalayıb. Sənəddə ölkənin 2026–2030-cu illər üçün Milli İnkişaf Planı çərçivəsində uzunmüddətli əməkdaşlıq nəzərdə tutulub.
Bununla yanaşı, ITFC Özbəkistanın "Invest Finans Bank"ı ilə 60 milyon ABŞ dolları məbləğində ticarətin maliyyələşdirilməsi xəttinə dair saziş imzalayıb. Vəsaitlər özəl sektor müştərilərinin, o cümlədən kiçik və orta biznes subyektlərinin idxal və ixracqabağı əməliyyatlarının maliyyələşdirilməsi üçün nəzərdə tutulub.
Eyni zamanda, Özbəkistanın "Orient Finans Bank"ı ilə 40 milyon ABŞ dolları məbləğində ticarətin maliyyələşdirilməsi xəttinə dair daha bir saziş imzalanıb. Maliyyələşdirmə özəl sektorun dəstəklənməsinə, kiçik və orta sahibkarlığın, qadın biznesinin və "yaşıl maliyyələşdirmə" sahəsində layihələrin inkişafına yönəldiləcək.