"Azkredit" BOKT maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 01 iyun, 2026
  • 09:35
Azkredit BOKT maliyyə vəziyyətini açıqlayıb

"Azkredit" ASC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 884 min manat xalis mənfəətlə başa vurub.

"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 23 % azdır.

Ötən il "Azkredit"in vergiyəqədərki mənfəəti 1,182 milyon manat (əvvəlki ilə nisbətən 13,3 % az), mənfəət vergisi ödəmələri isə 298 min manat (38 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Azkredit"in aktivləri 3,222 milyon manat olub ki, bu da illik müqayisədə 0,8 % çoxdur. Bunun 2,851 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 19,9 % böyüyüb.

Hesabat dövründə "Azkredit"in öhdəlikləri 25 % artaraq 1,035 milyon manat, balans kapitalı 7,7 % azalaraq 2,187 milyon manat, o cümlədən nizamnamə kapitalı 2 dəfə artaraq 600 min manat olub.

Xatırladaq ki, "Azkredit" 2019-cu ildə yaradılıb. BOKT-un səhmdarı 100 % Qurban Əsgərovdur.