"AzFina" onun üzvləri ilə əməkdaşlıq etməyən banklara xəbərdarlıq edib
- 19 noyabr, 2025
- 14:57
"Açıq bankçılıq" prosesində yaxından əməkdaşlıq etməyən banklar Azərbaycandakı rəqəmsal ödəniş ekosisteminin inkişafına dolayı yolla mane olurlar.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Fintex Assosiasiyası" ("AzFina") İctimai Birliyinin İdarə Heyətinin sədri Edqar Abdullayev Bakıda keçirilən IX Beynəlxalq Bank Forumunda bildirib.
"Açıq bankçılıq" üçün tətbiq proqramlaşdırma interfeyslərini (API) və texniki sənədlərini hansı banklar tez açsalar gələcəkdə məhz onlar öndə olacaqlar. Bu gün ən böyük çətinliklərdən biri odur ki, bir sıra banklar fintexləri hələ də özlərinə rəqib görürlər. Bizi özlərinə tərəfdaş görən banklar isə artıq öndədirlər. Lakin getdikcə bizi özlərinə rəqib görən banklardan da biz müsbət qığılcımlar almağa başlamışıq. Fintexlərin çox çevik olması, eyni zamanda Azərbaycan Mərkəzi Bankının yaratdığı şərait ona gətirib çıxaracaq ki, bir müddətdən sonra onlarla əməkdaşlıq etməyən banklar xeyli geridə qalacaq. Eyni zamanda onlar kifayət qədər müştəri bazası, müştəri datası və dövriytə itirmiş olacaqlar", - deyə o qeyd edib.