"AzFina": AMB-nin son 3 ildə qət etdiyi yol əvvəlki 20 ildən daha böyük olub

Maliyyə
  • 29 iyun, 2026
  • 10:47
AzFina: AMB-nin son 3 ildə qət etdiyi yol əvvəlki 20 ildən daha böyük olub

Azərbaycan Mərkəzi Bankının (AMB) son üç ildə qət etdiyi yol əvvəlki 20 ildən daha böyük olub.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Fintex Assosiasiyası" ("AzFina") İctimai Birliyinin İdarə Heyətinin sədrinin müavini Eynar Abdullayev Bakıda keçirilən "Azərbaycanın rəqəmsal maliyyə gündəliyi" mövzusunda tədbirdə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda innovasiya sahəsində böyük bir təşkilatlanma və hərəkətlilik müşahidə olunur, artıq müəyyən uğurlar da əldə edilir: "AMB-nin son üç ildə qət etdiyi yol bəlkə də ondan əvvəlki iyirmi ildən artıq dövrdə əldə olunan nəticələrdən daha böyük və daha sürətli olub. Təbii ki, burada texnologiyaların inkişafı mühüm rol oynayır. Lakin bu yeniliklərin mənimsənilməsi də böyük zəhmət tələb edir. Minlərlə insanın, on minlərlə sektor iştirakçısının bu prosesdə əməyi var. Assosiasiya olaraq sektora daha çox dəstəyin cəlb olunmasına çalışırıq. Bununla yanaşı, anlayırıq ki, bu, yeni formalaşan və yeni tənzimlənən bir sahədir. Həm tənzimləyici qurumlar, həm də bazar iştirakçılarının müəyyən tələbləri mövcuddur. Bu tələblərin qarşılanması üçün sektora dəstək, təşviq və motivasiya vacibdir".

Bundan başqa, E.Abdullayev deyib ki, "AzFina" sektor üzrə hesabatların dərc etməyə başlayacaq: "Fintex şirkətinin mediaya açıqlığı və hesabatlılığı əsasən onun hüquqi təşkilati formasından asılıdır. Əgər şirkət ASC-dirsə, qanunvericiliyin tələblərinə uyğun olaraq hər ilin və rübün sonunda maliyyə hesabatlarını dərc etməli və internet səhifəsində yerləşdirməlidir. Assosiasiyamızın üzvü olan ASC-lər də bu tələblərə əməl edirlər. Şirkət QSC və yaxud MMC olduqda isə, hesabatlılıqla bağlı tələbləri AMB müəyyən edir. Müvafiq məlumatlar bu quruma təqdim olunur və sektor üzrə ümumi məlumatlar ictimaiyyətə açıqlanır."

"Əgər bu məlumatların əldə olunması ilə bağlı çətinliklər yaranırsa, biz bu istiqamətdə dəstək göstərə bilərik. Həm AMB ilə dialoqda vasitəçi rolunu oynaya, həm də üzv şirkətlərin məlumatlarını toplayıb sektor üzrə ümumi hesabat yaya bilərik. Hazırda bu istiqamətdə layihə üzərində işləyirik. Belə bir hesabat hazırlandıqdan sonra məlumatlar media və ictimaiyyət üçün daha əlçatan olacaq. Hər hansı detalların çatışmadığı ilə bağlı təklif və ya tənqidlər olarsa, onları nəzərə alaraq üzv şirkətlərlə müzakirə edib hesabatların daha dolğun hazırlanmasına çalışacağıq. Üzv şirkətlərdən toplanacaq məlumatlar əsasında köçürmələr, ödənişlər, tərəfdaşlarla əməkdaşlıq, tranzaksiyaların sayı və dövriyyə məbləğləri kimi göstəriciləri əhatə edən sektor hesabatları hazırlanacaq", - deyə E.Abdullayev əlavə edib.

44 - Tezliklə