"Azərxalça"nın yığılmış zərəri 25 milyon manata yaxınlaşıb

Maliyyə
  • 04 iyul, 2026
  • 13:48
Azərxalçanın yığılmış zərəri 25 milyon manata yaxınlaşıb

"Azərxalça" ASC 2025-ci ili 394 min manat zərərlə başa vurub.

"Report" səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 5,4 dəfə azdır.

Bununla belə, şirkətin yığılmış zərəri 1,6 % artaraq 24,625 milyon manata çatıb.

Ötən il "Azərxalça"nın əsas əməliyyat (satışdan) gəlirləri 7,812 milyon manat (əvvəlki ilə nisbətən 46,1 % çox), maliyyə gəliri 587 min manat (1,1 % çox), sair əməliyyat gəlirləri 41 min manat (4,7 dəfə az) və icarədən gəlirləri 40 min manat (əvvəlki il olmayıb) təşkil edib.

Hesabat dövründə səhmdar cəmiyyətinin istifadə edilmiş material ehtiyatları üzrə xərci 1,59 milyon manat (31,9 % az), işçi heyəti üzrə xərcləri 5,079 milyon manat (23,7 % çox), amortizasiya xərcləri 692 min manat (5,3 % az), sair əməliyyat xərcləri isə 1,514 milyon manat (47,9 % çox) olub.

Bu il yanvarın 1-nə "Azərxalça"nın aktivləri 44,934 milyon manat olub və bu da illik müqayisədə 25,5 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 18,5 % azalaraq 1,442 milyon manata, balans kapitalı isə 25,7 % azalaraq 43,492 milyon manata düşüb.

Xatırladaq ki, "Azərxalça" ölkə prezidentinin sərəncamı ilə 5 may 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır. 100% dövlətə məxsus olan səhmdar cəmiyyəti ölkədə xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.