“Azərlotereya”nın aktivləri 53% artıb

Maliyyə
  • 28 mart, 2017
  • 09:50
“Azərlotereya”nın aktivləri 53% artıb

Bakı. 28 mart. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında “Azərlotereya” ASC-nin cəmi aktivləri 2017-ci il yanvarın 1-nə 11 135,4 min manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 52,8% çoxdur.

İl ərzində “Azərlotereya”nın uzunmüddətli aktivləri 8,7% azalaraq 367 min manat, qısamüddətli aktivləri isə 56,4% artaraq 10 768,4 min manat olub.

2016-cı ildə şirkətin cəmi öhdəlikləri 2,35 dəfə artaraq 3 777,5 min manat, cəmi kapitalı isə 29,5% artaraq 7 357,9 min manat təşkil edib.

Hesabat dövründə “Azərlotereya”nın əsas əməliyyat gəlirləri 33 448,1 min manat (2015-ci ilə nisbətən 20,8% çox), satışının maya dəyəri isə 31 144,6 min manat (17,5% çox) olub. Son nəticədə Şirkət 2 303,5 min manat ümumi mənfəət əldə edib ki, bu da illik müqayisədə 96,2% çoxdur.

“Azərlotereya” 2015-ci illə müqayisədə 10,5% çox – 709,9 min manat sair əməliyyat gəliri əldə edib və bununla da onun əməliyyat mənfəəti 3 013,4 min manat (65,9% çox) təşkil edib.

Ötən il Şirkətin maliyyə gəlirləri isə 351,4 min manat olub ki, bu da əvvəlki ilə nisbətən 29,3% çoxdur. “Azərlotereya” 2016-cı ildə mənfəət vergisi ödənişini 62,6% artıraraq 673 min manata çatdırıb və ili 2 691,8 min manat xalis mənfəətlə başa vurub. Bu isə 2015-ci illə müqayisədə 62,6% çoxdur.

Ötən il "Azərlotereya" tərəfindən divident şəklində dövlət büdcəsinə 500 min manat ödənilib, Azərbaycan Stolüstü Tennis Federasiyasına isə 200 min manat həcmində sponsorluq edilib.

Xatırladaq ki, “Azərlotereya” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 20 min manatdır.