"AzerGold" maliyyə vəziyyətini açıqlayıb
- 03 iyul, 2026
- 18:04
"AzerGold" QSC 2025-ci ili 82,061 milyon ABŞ dolları xalis mənfəətlə başa çatdırıb.
"Report"eynəlxalq auditor şirkəti - "PricewaterhouseCoopers"in (PwC) apardığı maliyyə yoxlamalarının nəticələrinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 2,5 dəfə çoxdur.
Ötən il "AzerGold"un satışdan gəlirləri 266,452 milyon ABŞ dolları (əvvəlki ilə nisbətən 45,8 % çox), satışının maya dəyəri 126,736 milyon ABŞ dolları (+10,6 %), maliyyə gəlirləri 4,354 milyon ABŞ dolları (+59,7 %), investisiya mülkiyyəti üzrə icarə gəlirləri 3,75 milyon ABŞ dolları (əvvəlki ildə olmayıb), maliyyə aktivləri üzrə xalis dəyərsizləşmə itkisinin geri qaytarılmasından əldə olunan gəlirləri 101 min ABŞ dolları (+14,4 dəfə), sair gəlirləri 847 min ABŞ dolları (-4,7 dəfə) təşkil edib.
Hesabat dövründə "AzerGold"un ümumi və inzibati məsrəfləri 33,914 milyon ABŞ dolları (+25,4 %), kəşfiyyat və qiymətləndirmə aktivlərinin dəyərdən düşməsi üzrə xərcləri 10,43 milyon ABŞ dolları (+7,3 dəfə), maliyyə xərcləri 1,932 milyon ABŞ dolları (-2,3 dəfə), digər əməliyyat xərcləri 23 min ABŞ dolları (+35,3 %), mənfəət vergisi ödəmələri isə 20,28 milyon ABŞ dolları (+2,3 dəfə) təşkil edib.
Səhmdar cəmiyyətinin iştirak payı metodu ilə uçota alınan birgə müəssisələrin maliyyə nəticələrindəki pay üzrə zərəri isə 128 min ABŞ dolları (əvvəlki ildə olmayıb) təşkil edib.
Bu il yanvarın 1-nə "AzerGold"un aktivləri 573,624 milyon ABŞ dolları olub ki, bu da illik müqayisədə 20,4 % çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 10,1 % artaraq 84,579 milyon ABŞ dollarına, balans kapitalı isə 22,3 % artaraq 489,045 milyon ABŞ dollarına, o cümlədən nizamnamə kapitalı isə 4,5 dəfə artaraq 163,706 milyon ABŞ dollarına çatıb.
"AzerGold" Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı əsasında 2016-cı ildə təsis edilib. Şirkətin əsas fəaliyyət istiqaməti Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə xarakterizə olunur və onun başlıca məqsədi qiymətli və əlvan metal filizi yataqlarının araşdırılması, tədqiqi, kəşfiyyatı, idarə edilməsi, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın modernləşdirilməsi və ondan effektiv istifadə, həmçinin bu sahənin inkişafına dair digər işlərin həyata keçirilməsidir.