Azərbaycanın xidmətlər balansında 3 mlrd. dollara yaxın kəsir yaranıb

Maliyyə
  • 18 dekabr, 2017
  • 05:36
Azərbaycanın xidmətlər balansında 3 mlrd. dollara yaxın kəsir yaranıb

Bakı. 18 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici dövlətlərlə iqtisadi əlaqələrində 9,7 mlrd. ABŞ dolları dəyərində qarşılıqlı xidmət formalaşıb.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 6,1 mlrd. dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 3,5 mlrd. dolları isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərdiyi xidmətlərdir.

Nəticədə, xidmətlər balansında 2,6 mlrd. dollarlıq kəsir yaranıb. Bunun 95%-i (təxminən 2,5 mlrd. dolları) neft-qaz sektoru ilə əlaqədardır, əsasən təxminən 2 mlrd. dollarlıq tikinti xidmətləri və 656 mln. dollarlıq digər işgüzar xidmətlər hesabına yaranıb. Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə azalaraq 124 mln. dollar təşkil edib.

Qarşılıqlı xidmətlər dövriyyəsinin 14,5%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşüb. Ümumi dəyəri 1,4 mlrd. dollar olan nəqliyyat xidmətlərinin 48,4%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat sistemindən istifadə etməsi ilə əlaqədardır. Azərbaycanın rezidentlərinin qeyri-rezidentlərə göstərdiyi nəqliyyat xidmətlərinin dəyəri 679,9 mln. dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdiyi nəqliyyat xidmətlərinin dəyəri isə 725,8 mln. dollar təşkil edib. Dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı 5% artıb.

2017-ci ilin yanvar-sentyabr aylarında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi ötən ilin eyni dövrünə nisbətən 12% artaraq 4,4 mlrd. dollar təşkil edib. İlk 9 ayda turizm xidmətləri üzrə profisit illik müqayisədə 1,6 dəfə artaraq 331,2 mln. dollar təşkil edib. Bu, Azərbaycana gələn xarici vətəndaşların sayının 20,5% artması hesabına mümkün olub. Hesabat dövründə xarici ölkələr Azərbaycan rezidentlərinə turizmlə bağlı 2 mlrd. dollarlıq xidmət göstərib. Bunun 72,5%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin payına düşür.

Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən tikinti xidmətlərinin dəyəri ötən ilin eyni dövrünə nisbətən 2,5 dəfə azalaraq 34 mln. dollar təşkil edib. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə illik müqayisədə 30,2% artaraq 562,6 mln.dollar olub.

44 - Tezliklə