Azərbaycanın xarici maliyyə monitorinq orqanları ilə məlumat mübadiləsi 29 %-ə yaxın azalıb
- 08 oktyabr, 2026
- 16:31
Yeniliklərdən dərhal xəbərdar olun!
2025-ci ildə Maliyyə Monitorinqi Xidməti (MMX) 31 xarici ölkənin maliyyə monitorinq orqanlarına 65 sorğu və spontan məlumat göndərib.
"Report" bu barədə MMX-ya istinadən xəbər verir.
Məlumata görə, bunlar, 2024-cü illə müqayisədə müvafiq olaraq 39,2 % və 28,6 % azdır.
Göndərilən məlumatların 30 vahidi (46,2 %-i) hüquq-mühafizə orqanlarından daxil olmuş məlumatlar əsasında təqdim edilib, ümumi göndərilən məlumatların 20 %-i Türkiyə, 14 %-i Gürcüstan, 4 %-i Qazaxıstanın, daxil olan məlumatların isə 25 %-i Rusiya, 7 %-i Argentina, 7 %-i Birləşmiş Ərəb Əmirliklərinin payına düşüb.
Bundan başda, ötən il Xidmətə 26 xarici ölkənin maliyyə kəşfiyyatı orqanından 55 məlumat daxil olub ki, bu da əvvəki ilə nisbətən müvafiq olaraq 13 % çox və 14,6 % çoxdur.
Xatırladaq ki, MMX ölkə Prezidentinin 25 may 2018-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 18 iyul 2018-ci il tarixli fərmanı ilə isə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 10 min manatdır. Xidmətin əsas məqsədi cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün qanunla müəyyən edilmiş tələblərə riayət olunmasına nəzarət etmək, bu sahədə vahid tənzimləmə həyata keçirmək, monitorinq iştirakçılarının, nəzarət və digər dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, şəffaflığı və səmərəliliyi təmin etməkdir.