Azərbaycanın maliyyə sektorunda informasiya təhlükəsizliyinə dair növbəti təlim keçirilib

Maliyyə
  • 12 mart, 2018
  • 11:45
Azərbaycanın maliyyə sektorunda informasiya təhlükəsizliyinə dair növbəti təlim keçirilib

Bakı. 12 mart. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) maliyyə sektorunda fəaliyyət göstərən qurumlarda informasiya təhlükəsizliyinin qorunması və xarici təhlükələrə qarşı mübarizə yollarına həsr olunmuş “Maliyyə sektorunda təhlükəsizlik və İT təhlükəsizliyi tədbirlərinin gücləndirilməsi” mövzusunda təlim keçirib.

“Report” Palataya istinadən xəbər verir ki, təlimdə 20 bank və 6 sığorta şirkətinin təhlükəsizlik üzrə məsul şəxsləri iştirak edib.

Qurumun mütəxəssisləri bank hesablarının və digər konfidensial məlumatların xaker hücumlarından qorunması, son zamanlar geniş yayılmış kriptoviruslarla mübarizə qaydaları, İT infrastrukturunun monitorinqi üçün informasiya təhlükəsizliyinin idarə olunması sistemi (SIEM), spam və ondan müdafiə yolları və digər mövzular barədə təqdimat nümayiş etdirib. Təlimdə həmçinin informasiya texnologiyaları təhlükəsizliyi üzrə mövcud təcrübə, problemlərin aradan qaldırılması və yeni həllər ətrafında fikir mübadiləsi aparılıb.