Azərbaycanın lombard şirkətinin istiqrazlarının 3-cü tranşına 8 investor maraq göstərib
- 03 noyabr, 2023
- 10:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) Azərbaycanda daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli kreditlər verən (lombard fəaliyyəti göstərən) “GL” ASC-nin faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının 700 min manat dəyərində 3-ci tranşının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə “Report”a BFB-dən bildirilib.
Məlumata görə, hər birinin nominal dəyəri 1 000 manat olan 700 ədəd istiqraz standard bazar seqmentində, birqiymətli hərrac üsulu ilə investorlara təklif olunub. Hərraca 8 investor 660 min manatlıq 8 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə 94,3 % olmaqla baş tutub.
Qiymətli kağızlar 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 14 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-dir.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.
Xatırladaq ki, "GL" 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 254 635 manatdır. Şirkətin səhmləri 100 % Eldar Quliyevə məxsusdur. O, həm də "Para" ASC bank olmayan kredit təşkilatının (BOKT) əsas səhmdarlarından biridir.