Azərbaycanın lombard şirkətinin istiqrazları üzrə hərracın tarixi açıqlanıb
- 06 iyul, 2023
- 13:39
Yeniliklərdən dərhal xəbərdar olun!
İyulun 13-də "Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycanda daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli kreditlər verən (lombard fəaliyyəti göstərən) “GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
“Report” bu barədə Birjaya istinadən xəbər verir.
Xatırladaq ki, BFB-nin Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 1 500 ədəd, yəni 1,5 milyon dollarlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək və 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 15%-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.
Xatırladaq ki, "GL" 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 254 635 manatdır. Şirkətin səhmləri 100 % Eldar Quliyevə məxsusdur. O, həm də "Para" ASC bank olmayan kredit təşkilatının (BOKT) əsas səhmdarlarından biridir.