Azərbaycanın lizinq bazarına xarici investisiyaları necə cəlb etmək olar?
- 29 oktyabr, 2021
- 12:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Dünya təcrübəsində iqtisadiyyata investisiya qoyuluşu üsullarından biri də lizinqdir. O, sahibkarlıq subyektlərinə qısa müddət ərzində az sərmayə ilə əsas vəsaitləri təzələməyə imkan verir. Lizinqin predmeti qismində kənd təsərrüfatı avadanlıqları, tibbi avadanlıqlar, tikinti qurğu və avadanlıqları, sənaye avadanlıqları, sərnişin, yük və sair nəqliyyat vasitələri çıxış edə bilər. Lizinq Azərbaycanda xüsusi icazə (lisenziya) tələb olunan fəaliyyət növü deyil. Bu sahədə qanunvericilik ötən əsrin 90-cı illərində quvvəyə minsə də maliyyə aləti kimi geniş tətbiqinə 2003-cü ildən başlanıb. Belə ki, 2003-2008-ci illərdə lizinq şirkətlərinin portfelində ən azı iki dəfə artım olub. Lakin 2008-ci ildə bu sektor üçün qüvvədə olan bir sıra imtiyazların və güzəştlərin dayandırılması ilə atrım templəri azalmağa başladı.
2015-ci ildə baş verən bank böhranı lizinq əməliyyatlarına mənfi təsir göstərdi. Manatın devalvasiyası lizinq şirkətləri üçün maliyyə çətinləşməsinə gətirib çıxardı və onların bir çoxunun bazardan çıxmasına səbəb olub.
2017-ci ildə qəbul edilən "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə lizinq bazarının inkişaf etdirilməsi prioritet kimi müəyyən edildi. Sənəddə qeyd edilir ki, Azərbaycanda lizinqin inkişafı üçün, ilk növbədə, vahid qanunun hazırlanması nəzərdən keçiriləcək. Bundan başqa lizinq bazarının daha sürətlə inkişaf etməsi üçün güzəştlərin tətbiq olunması təmin ediləcək və yeni tənzimlənmə mexanizmləri müəyyənləşdiriləcək. Görüləcək tədbirlər nəticəsində 2025-ci ilədək Azərbaycanda lizinq əməliyyatlarının ÜDM-də payını 4 %-ə çatdırmaq hədəflənir.
Bəs ötən dövr ərzində bazardakı vəziyyət hansı yöndə dəyişib?
Bu barədə “Report”a açıqlama verən strateji yol xəritəsi üzrə işçi qrupun üzvü, Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzi İctimai Birliyinin rəhbəri İlkin Qarayev deyib ki, yol xəritəsi hazırlanan zaman lizinq bazarında mövcud olan problemlərin 70-80 %-i bu gün də qalmaqdadır.
“Lizinq fəaliyyətini tənzimləyəcək vahid qanun qəbul edilməyib. Halbu ki, mövcud hüquqi-normativ baza lizinq bazarının dinamik inkişafına imkan vermir. Bu, Mülki Məcəllənin lizinq fəaliyyətini tənzimləyən müddəalarında bir sıra boşluqların olması ilə əlaqədardır. Belə ki, mövcud sənədlərdə lizinqin tərifi, onun əsas növləri - əməliyyat, maliyyə, geriyə lizinq kimi və s., beynəlxalq lizinq haqqında normalar, lizinq sazişlərinin girov və zaminlik təminatı, sığorta edilməsi və s. məsələlər əksini tapmayıb. Bazarın əsas problemlərindən biri olan maliyyə çatışmamazlığı da aktual olaraq qalır. Bundan dolayı lizinq şirkətlərinin pul vəsaitləri çox baha başa gəlir. Yəni şirkət lizinqə götürülən avadanlığı əsas rəqibləri olan banklarla müqayisədə lizinq alana daha yüksək marja ilə ötürür. Bu durum onların müştəri cəlb etmək imkanlarını məhdudlaşdırır. Lizinq şirkətlərinin yerli mənbələrdən maliyyə cəlb etmək imkanlarının xeyli məhdudud olması ilə yanaşı, onların kapitallaşma səviyyələrinin aşağı olması xaricdən maliyyə vəsaiti cəlb etməyə də mane olur. Ölkədə hələ də lizinqlə bağlı dəqiq statistik məlumatların olmamasına və təhlil imkanlarının məhdudluğuna görə bazar xarici investisiyalar üçün az cəlbedicidir. Xarici investor şəffaflıqla yanaşı həm də yatırımlarını qoruyacaq yüksək səviyyəli zəmanət tələb edir. Bu qisimdə isə “Beynəlxalq Maliyyə Lizinqi haqqında Ottava Konvensiyası” çıxış edir. Lakin Azərbaycanın hələ də bu konvensiyaya qoşulmaması lizinq əməliyyatları həyata keçirərkən xarici investorlara lazımi zəmanət vermək məsələsində ciddi problemlər yaradır və xarici investorların lizinq bazarına marağını azaldır.
Lizinq bazarının inkişafını ləngidən növbəti mühüm bir məqam lizinq əmlakının sürətli amortizasiyası ilə bağlıdır. Əvvəllər iki əmsalla tətbiq olunan sürətli amortizasiyanın ləğv edilməsi, bu sahənin inkişafı üçün ciddi maneələr yaradır. Halbuki sürətli amortizasiya lizinq sektorunda əsas vəsaitlərin yenilənməsi üçün olduqca vacibdir”.
Ekspert hesab edir ki, Azərbaycanda yaradılan və yaradılmaqda olan texno və aqroparkların inkişaf strategiasında lizinqin potensialından geniş şəkildə istifadə etmək faydalıdır: “Yeni texnika və avadanlıqların alınmasında və eləcə də, köhnəlmiş texnika və avadanlıqların yenilənməsində müasir lizinqdən istifadə edilə bilər. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişaf etdiyi indiki dövrdə texno və aqro parkların yaradılması prioritet kimi müəyyən olunub. Həmin parkların rezidentlərinin yüksək texnoloji avadanlıqları lizinq vasitəsi ilə formalaşdırıla və sonradan modernləşdirilə bilər. Bundan başqa, orada istehsal ediləcək məhsulların daxili və xarici bazarlarda satılması da lizinqin köməyi ilə həyata keçirilə bilər. Bu tövsiyyələrin reallaşdırılması lizinq bazarının ÜDM-dəki payını əhəmiyyətli dərəcədə artıra bilər”.
Qeyd edək ki, Azərbaycanın lizinq şirkətləri Assosiasiyasının hesablamalarına görə, Azərbaycanın lizinq portfelinin dəyəri 2012-ci ildə 125 milyon manatdan 2018-ci ilə qədər 60 milyon manatadək azalıb. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 2019-cü ildə dərc olunan “Azərbaycan Sahibkarlığın Gücləndirilməsi Yolu Ilə Diversifikasiyanın Sürətləndirilməsi” hesabatına əsasən lizinq şirkətləri demək olar ki, yalnız orta və böyük müəssisələrə xidmət göstərirlər.