Azərbaycanın konserv istehsalı müəssisəsinin zərəri 14 dəfə artıb

Maliyyə
  • 02 noyabr, 2021
  • 08:20
Azərbaycanın konserv istehsalı müəssisəsinin zərəri 14 dəfə artıb

“Azərsun Holdinq” MMC-yə məxsus “Qazax Konserv Zavodu” ASC ötən ili 429 min manat zərərlə başa vurub.

“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən təxminən 14 dəfə çoxdur.

Ötən il “Qazax Konserv Zavodu”nun əsas əməliyyat gəlirləri 1,433 milyon manat (əvvəlki ilə nisbətən 27,5% az), satışının maya dəyəri 1,074 milyon manat (3,5% az), digər əməliyyat gəlirləri 126 min manat (5,25 dəfə çox), kommersiya xərcləri 177 min manat (60,75% az), inzibati xərcləri 277 min manat (1 il bundan əvvəl olmayıb), vergi xərcləri 30 min manat (2,2 dəfə az), maliyyə xərcləri 105 min manat (31,8% az), amortizasiya xərcləri isə 324 min manat (9,1% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Qazax Konserv Zavodu”nun aktivləri 10,744 milyon manat olub ki, bu da illik müqayisədə 66,3% çoxdur. Hesabat dövründə müəssisənin öhdəlikləri cüzi azalaraq 5,161 milyon manata düşüb, balans kapitalı 4,3 dəfə artaraq 5,583 milyon manata çatıb.

Xatırladaq ki, "Qazax Konserv Zavodu” 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1,158 milyon manatdır.