Azərbaycanın kollektor agentliyinin istiqrazlarına 53 investor maraq göstərib

Maliyyə
  • 18 sentyabr, 2026
  • 15:33
Azərbaycanın kollektor agentliyinin istiqrazlarına 53 investor maraq göstərib

Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycanın kollektor agentliyi - "KollektA" ASC-nin 2 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə "Report"a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd istiqraz birqiymətli hərrac üsulu ilə yerləşdirilib. Hərraca 53 investor 2 milyon manatlıq 54 sifariş təqdim edib. Son nəticədə istiqrazların hamısı yerləşdirilib. Qiymətli kağızlar 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 18 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "Troni İnvestisiya Şirkəti" QSC-dir.

İstiqrazların tədavüldə olduğu müddətdə emitentin onları geri alması nəzərdə tutulmayıb.

Xatırladaq ki, "KollektA" 2024-cü ildə yaradılıb. Onun səhmdarları hər biri 40 % payla Mədəd Rüstəmov və Camal Aydınov, eləcə də 20 % payla Rəşad Səlimovdur. M.Rüstəmov eyni zamanda "MJ Financial Services" QSC bank olmayan kredit təşkilatının (BOKT) səhmlərinin 30 %-nə, C.Aydınov isə 70 %-nə nəzarət edir. R.Səlimov isə "Neo" ASC BOKT-da 40 % pay sahibidir.