Azərbaycanın kollektor agentliyinin istiqrazları üzrə hərracın tarixi açıqlanıb
- 16 sentyabr, 2026
- 16:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Sentyabrın 18-də "Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycanın kollektor agentliyi - "KollektA" ASC-nin 2 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
"Report" bu barədə Birjaya istinadən xəbər verir.
Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd istiqraz birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək və 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 16 %-dir. Faizlər aylıq ödəniləcək.
Prosesin anderrayteri "Troni İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.
Xatırladaq ki, "KollektA" 2024-cü ildə yaradılıb. Onun səhmdarları hər biri 40 % payla Mədəd Rüstəmov və Camal Aydınov, eləcə də 20 % payla Rəşad Səlimovdur. M.Rüstəmov eyni zamanda "MJ Financial Services" QSC bank olmayan kredit təşkilatının (BOKT) səhmlərinin 30 %-nə, C.Aydınov isə 70 %-nə nəzarət edir. R.Səlimov isə "Neo" ASC BOKT-da 40 % pay sahibidir.