Azərbaycanın geoloji mühəndislik şirkətinin səhmləri üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 24 oktyabr, 2024
  • 14:37
Azərbaycanın geoloji mühəndislik şirkətinin səhmləri üzrə hərracın tarixi açıqlanıb

Oktyabrın 30-da "Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycanın geoloji mühəndislik şirkəti - "Geoengineering” ASC-nin 90 000 manatlıq adi, sənədsiz, adlı səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Xatırladaq ki, Birjanın Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 10 000 manat olan 9 ədəd səhm standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızların yerləşdirilməsi abunə yazılışı üsulu ilə həyata keçiriləcək. Abunə yazılışı 25-29 oktyabr tarixlərində - 3 iş günü ərzində olacaq.

Prosesin anderrayteri “Capital Partners İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı,səhmləri almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Yerləşdirmə baş tutsa, şirkətin nizamnamə kapitalı 81,8 % artaraq 110 000 manatdan 200 000 manata çatacaq.

Xatırladaq ki, "Geoengineering" 2008-ci ildə yaradılıb. Onun səhmdarı 100 % Arzu Zeylanovdur. Şirkətə onun oğlu Orxan Zeynallı rəhbərlik edir.