Azərbaycanın cari hesab balansı üzrə 3 illik proqnoz açıqlanıb
- 06 oktyabr, 2021
- 09:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il Azərbaycanın cari hesab balansının profisiti ümumi daxili məhsula (ÜDM) nisbətdə 6,9 % olması gözlənilir.
“Report” xəbər verir ki, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya ölkələri üçün yenilənmiş hesabatında bildirilir.
Sənədə əsasən, bu göstərici, gələn il 6,4 %, 2023-cü ildə isə 4,5 % səviyyəsində proqnozlaşdırılır.:
“Əlverişli ticarət şərtləri, cari hesab balansını 2020-ci ilin sonu ÜDM-in 0,5 %-lik kəsirdən, bu ilin I yarısında 8 %-lik profisitə çatdırıb. Maliyyə hesablarından axın davam edərkən, Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatları 6,5 milyard ABŞ dolları səviyyəsində sabit qalıb, Dövlət Neft Fondunun (ARDNF) aktivləri isə 2021-ci ilin birinci yarısında illik 2 % artaraq 44,1 milyard ABŞ dollarına (ÜDM-in 104 %-i) çatıb.
Ötən ilin mart ayından etibarən valyuta təzyiqinin azaldılması, AMB–nin məzənnəni bir ABŞ dollarına qarşı 1,7 manat səviyyəsində saxlamasına kömək edib.
Konsolidasiya edilmiş büdcənin profisiti bu ilin ilk 7 ayında ÜDM-nin 7,1 %-ni təşkil edib, çünki iqtisadi canlanma maliyyə gəlirlərini artırarkən bəzi böhranla mübarizə tədbirləri başa çatıb və büdcənin icrası yavaşlayıb”.
Maliyyə Nazirliyinin məlumatına görə, 2021-ci ildə Azərbaycanın cari əməliyyatlar balansında ÜDM-in 3,1 %-i səviyyəsində və yaxud təqribən 1,4 milyard ABŞ dolları məbləğində kəsir proqnozlaşdırılır.
"Cari və növbəti ildə ticarət balansındakı profisit cari əməliyyatlar balansındakı kəsiri tam örtə bilməyəcək. Neft qiymətlərinin müxtəlif ssenariləri üzrə proqnozlara əsasən bu il və növbəti ildə cari hesab balansında kəsir proqnozlaşdırılsa da ortamüddətli dövrdə profisit gözlənilir ki, bu da öz növbəsində valyuta bazarında sabitliyi möhkəmləndirəcək. Bununla belə növbəti illərdən xidmətlər balansındakı kəsirin azalması cari əməliyyatlar balansında profisitin formalaşmasına artırıcı təsir göstərəcək.
Post-pandemiya dövründəneqativ təsirlərin azaldığı şəraitdə ölkə iqtisadiyyatında əsas bərpa meyilləri ilə yanaşı ixracın şaxələnmə səviyyəsinin də artması gözlənilir. Yerli istehsalın artırılması hesabına idxaldan asılılığı minimuma endirmək məqsədilə həyata keçirilən tədbirlər nəticəsində ölkədən ixrac edilən malların həcminin artacağı gözlənilir. Rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının təşviqi sahəsində bir sıra mühüm tədbirlərin həyata keçirilməsi fonunda ortamüddətli dövr ərzindəxarici ticarət balansının mütəmadi artımı gözlənilir", - Nazirliyin məlumatında deyilir.