Azərbaycanın audit bazarı 1 % kiçilib
- 12 avqust, 2026
- 11:12
2025-ci ildə Azərbaycandakı auditor təşkilatları və sərbəst auditorlar 152 milyon manat məbləğində 7 815 müqavilə bağlayıb.
"Report" Auditorlar Palatasına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə müvafiq olaraq 0,9 % az və 8,6 % çoxdur.
Beləliklə, ötən il audit bazarında 1 müqavilənin dəyəri orta hesabla 19,45 min manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 8,7 % azdır.
Hesabat dövründə bağlanmış müqavilələrdə Böyük 4-lüyün ("Deloitte", "PricewaterhouseCoopers", "Ernst & Young" və KPMG) payı məbləğ olaraq 59,6 %, say olaraq isə 13,5 % olub. Bunlar isə illik müqayisədə müvafiq olaraq 4,5 faiz bəndi az və 1,6 faiz bəndi azdır.
2025-ci il ərzində bağlanmış müqavilələrdən 113,7 milyon manat məbləğində 6 783-ü yerinə yetirilib. Bunlar, 2024-cü illə müqayisədə müvafiq olaraq 3,6 % az və 6,8 % çoxdur.
Beləliklə, ötən il audit bazarında yerinə yetirilmiş 1 müqavilənin dəyəri orta hesabla 16 762 manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 9,4 % azdır.