Azərbaycanın aparıcı tikinti şirkətinin xalis mənfəəti 16 % azalıb

Maliyyə
  • 07 avqust, 2024
  • 11:07
Azərbaycanın aparıcı tikinti şirkətinin xalis mənfəəti 16 % azalıb

Azərbaycanın aparıcı tikinti şirkəti - "Azvirt" MMC 2023-cü ili 7,518 milyon manat xalis mənfəət başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 15,9 % azdır.

Ötən il “Azvirt”in tikintidən gəlirləri 833,603 milyon manat (əvvəlki ilə nisbətən 45,5 % çox), tikintisinin maya dəyəri 764,852 milyon manat (48,6 % çox), ümumi və inzibati xərcləri 38,387 milyon manat (23,9 % çox), ehtimal olunan kredit zərəri üzrə tutulmaları 5,887 milyon manat (4,6 dəfə çox), qeyri-maliyyə aktivləri üçün dəyərsizləşmə zərəri 3,154 milyon manat (2,1 dəfə çox), icarə gəliri 918 min manat (10,4 dəfə çox), digər gəlirləri 2,534 milyon manat (82,7 % çox), digər xərcləri 217 min manat (2,6 dəfə az), maliyyə gəlirləri 225 min manat (5,5 % az), maliyyə xərcləri 7,778 milyon manat (2,7 % çox), xarici valyuta mübadiləsi üzrə zərəri 1,806 milyon manat (2,2 % çox), əmlak, tikili və avadanlıqların silinməsi üzrə gəliri 134 min manat (35,9 % az), mənfəət vergisi ödəmələri isə 7,815 milyon manat (1,7 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Azvirt”in aktivləri 387,544 milyon manat olub ki, bu da illik müqayisədə 0,6 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 2,4 % azalaraq 318,372 milyon manata düşüb, balans kapitalı isə 17 % artaraq 69,172 milyon manata çatıb.

Xatırladaq ki, "Azvirt" 1995-ci ildə “Azərbaycan Hava Yolları” (AZAL) Dövlət Konserni, Bakı Şəhər İcra Hakimiyyəti və Almaniyanın "Virtgen İnternational Gmbh" şirkətinin iştirakı ilə müvafiq olaraq mülkiyyətin 11%, 40% və 49% bölüşdürülməsi əsasında Azərbaycan-Almaniya Birgə Müəssisəsi kimi təsis edilib. 2004-cü ildə şirkət MMC kimi yenidən qeydiyyatdan keçib və özəlləşdirilib. Onun nizamnamə kapitalı 129 min manatdır. Şirkətin təsisçiləri müvafiq olaraq 30 % və 20 % payla Almaniyanın "Martin Beteiligungs GmbH & Co KG" və "Walz GmbH & Co KG" şirkətləri, 25 % payla Azərbaycan vətəndaşı Elnur Əliyev, 25 % payla Lüksemburqun “Falcom Holding”idir.

İlk öncə Bakıda yol tikintisi ilə məşğul olan "Azvirt" zaman keçdikcə yol və hava limanı infrastruktur layihələri üzrə tam xidmət göstərən beynəlxalq şirkətə çevrilib. Kommersiya qurumu Azərbaycanla yanaşı, Serbiya, Qırğızıstan, Ukrayna və Bosniyada fəaliyyət göstərir.

44 filmi