Azərbaycanın aparıcı sement istehsalçısı nizamnamə kapitalını artırır
- 14 dekabr, 2023
- 11:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Yanvarın 15-də, saat 11:00-da “Norm” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, yığıncaq Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km, 1 ünvanında olacaq.
Yığıncağın gündəliyinə şirkətin nizamnamə kapitalının əlavə səhmlərin buraxılması yolu ilə artırılması, səhm buraxılışının şərtlərinin müəyyən edilməsi, cəmiyyətin nizamnamə kapitalında səhmdarların malik olduğu səhmlərin miqdarının müəyyən olunması, nizamnaməyə dəyişikliklərin təsdiq edilməsi, cəmiyyətin Baş İcraçı Direktoru Sasse Henning Ernst Wilhelm-lə əmək müqaviləsinin müddətinin uzadılması, səhm buraxılışının müvafiq dövlət qurumlarında qeydiyyata alınması və cəmiyyətin dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin qeydiyyata alınması məsələləri daxildir.
Xatırladaq ki, “Norm” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 161,692 milyon manatdır. Şirkətin səhmləri "NEQSOL Holdinq" MMC-yə məxsusdur.