Azərbaycanın ADB-yə donor kimi ayıracaq vəsaitin qrafiki açıqlanıb
- 12 mart, 2022
- 12:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Asiya İnkişaf Bankına (ADB) donor qismində çıxış etməsi ilə bağlı Azərbaycan dövləti tərəfindən Asiya İnkişaf Fondunun və Texniki Yardım üzrə Xüsusi Fondunun büdcələrinə ayrılacaq 2 milyon ABŞ dollarlıq vəsaitin 3 il ərzində verilmə qrafiki açıqlanıb.
“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
"Asiya İnkişaf Fondu 12-ci və Texniki Yardlm üzrə Xüsusi Fondun 7-ci müntəzəm kapital artımları təşəbbüsündə Azərbaycan Respublikanının iştirakını və bununla 2 milyon ABŞ dolları məbləğinədək ianənin köçürülməsini özündə ehtiva edən Asiya İnkişaf Bankının “Töhfə Sənədi”ni imzalamaq üçün səlahiyyətin verilməsi barədə Azərbaycan Prezidentinin Sərəncamının layıhəsi hazırlanıb. Prezindentin 2021-ci il 17 mart tarixli Sərəncamı ilə bu "Töhfə Sənədi"ni imzalamaq üçün müvafiq səlahiyyət verilib və ötən ilin aprelin 5-də bu sənəd imzalanıb", - hesabatda deyilir.
2021-ci il dövlət büdcəsindən bu fondlara artıq 500 min ABŞ dolları köçürülüb. 2022-ci il dövlət büdcəsində 750 min ABŞ dolları, 2023-cü ildə isə 679,6 min ABŞ dolları məbləğində vəsaitin ianə edilməsi nəzərdə tutulur.
"Xalis töhfə 1,9 milyon ABŞ dolları olduğu halda 70,4 min ABŞ dolları məbləğində vəsait Asiya İnkişaf Bankı tərəfindən güzəşt kimi tətbiq olunacaq", - hesabatda bildirilir.
Qeyd edək ki, Asiya İnkişaf Bankının donorları bankın, Asiya İnkişaf Fondunun və Texniki Yardım üzrə Xüsusi Fondunun büdcələrinə dördillik dövr üçün (2021-2024-cü illə) 4 milyard ABŞ dolları məbləğində əlavə vəsaitin ayrılmasına dair razılıq əldə ediblər. Əlavə vəsaitin 2,3 milyard ABŞ dolları və ya 58 %-i Azərbaycan və Filippin də daxil olmaqla 30 donor tərəfindən maliyyələşdiriləcək. Yerdə qalan 1,7 milyard ABŞ dolları (vəsaitin 42 %-i) isə daxili ehtiyatlardan və ADB-nin xalis gəlirlərindən olan transfertlər hesabına maliyyələşəcək.
2019-cu ilin dekabr ayında maliyyə naziri Samir Şərifov Azərbaycan-ADB əməkdaşlığının 20 illiyinə həsr olunmuş tədbirdə qeyd etmişdi ki, ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan 2020-ci ildən etibarən bir sıra beynəlxalq təşkilatlarda donor ölkəsi qismində çıxış edəcək. Onun sözlərinə görə, Azərbaycan ADB-in Asiya İnkişaf Fonduna 2 milyon ABŞ dolları, Avropa Yenidənqurma və İnkişaf Bankına 2 milyon ABŞ dolları, Beynəlxalq İnkişaf Assosiasiyasına isə 3 milyon ABŞ dolları ayıraraq donor qismində çıxış edəcək.