Azərbaycanda xarici valyutada olan məbləğin konvertasiyası qaydası müəyyən edilib

Maliyyə
  • 16 avqust, 2023
  • 08:15
Azərbaycanda xarici valyutada olan məbləğin konvertasiyası qaydası müəyyən edilib

İqtisadiyyat Nazirliyinin Kollegiyası “Nəzarət olunan xarici müəssisə haqqında arayışın rezident fiziki və hüquqi şəxslər tərəfindən vergi orqanına təqdim edilmə forması və qaydası”nın təsdiq edilməsi haqqında” 19 aprel 2022-ci il tarixli qərarında dəyişiklik edib.

“Report” xəbər verir ki, bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.

Qərara əlavə edilmiş yeni bəndə əsasən, bundan sonra xarici valyutada olan məbləğin konvertasiyası Azərbaycan Mərkəzi Bankının (AMB) müəyyən etdiyi rəsmi məzənnə əsas götürülməklə orta illik göstəriciyə əsasən aparılacaq. Rezident fiziki və hüquqi şəxs valyutanı hər bir əməliyyata münasibətdə dəqiqliklə hesablaya bildikdə, həmin əməliyyatlara münasibətdə məbləğin konvertasiyası AMB-nin müəyyən etdiyi rəsmi məzənnə əsas götürülməklə günlük məzənnə ilə hesablanacaq.

AMB-də müvafiq xarici valyuta əks etdirilmədikdə, xarici ölkə valyutasının məzənnəsi həmin ölkənin rəsmi məzənnəsi ilə ABŞ dollarına konvertasiya edildikdən sonra ABŞ dollarının rəsmi məzənnəsi əsas götürülməklə hesablanacaq.

Nazirliyin Hüquq şöbəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.