Azərbaycanda qeyri-həyat sığortası bazarı 7 % böyüyüb
- 02 avqust, 2025
- 16:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 342,322 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,9 % çoxdur.
Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 5,9 % artaraq 128,895 milyon manata çatıb.
Beləliklə, 6 ay ərzində qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 37,7 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 38 manat olub.
Xatırladaq ki, bu ilin I yarısında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 817,048 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,7 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 432,198 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 21,4 % çoxdur.
Ötən 6 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 52,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 49,1 manat olub.