Azərbaycanda nağdsız ödənişlərin məbləği sentyabrda 90 % artıb
- 28 oktyabr, 2023
- 10:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin sentyabr ayında Azərbaycanda nağsız əməliyyatların məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 90% çox - 4 milyard 388 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bunun 3 milyard 552 milyon manatı elektron ticarətin payına düşüb.
Qalan məbləğin 829 milyon manatı POS-terminallar, 6 milyon manatı isə özünə xidmət terminallarının vasitəsilə həyata keçirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının həcminin 54,2 %-ni təşkil edib.
Bu il oktyabrın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 15 milyon 939 min ədəd təşkil edib. Bu, sentyabrın 1-i ilə müqayisədə 1,7 %, ilin əvvəlinə nisbətən 16,9 %, ötən il oktyabrın 1-i ilə müqayisədə isə 20,8 % çoxdur.
Son 1 ildə ölkədə debet kartlarının sayı 20,4 % artaraq 13,801 milyona, kredit kartlarının sayı isə 23,8 % artaraq 2,138 milyona çatıb. Bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 7,255 milyard manat (illik müqayisədə 51,3 % çox) və 560 milyon manat (41,4 % çox) təşkil edib.
Hesabat dövründə ölkədə bankomatların sayı 3 %, POS-terminalların sayı isə 9,9 % artaraq müvafiq olaraq 3 119 ədəd (Bakı üzrə 1 621 ədəd) və 81 799 ədəd (Bakı üzrə 55 362 ədəd) təşkil edib.
Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə qiqantları Azərbaycan bankları ilə də əməkdaşlıq edir.