Azərbaycanda nağdsız ödənişlərin məbləği mayda 2 dəfədən çox artıb
- 25 iyun, 2022
- 06:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il iyunun 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 12 milyon 019 min ədəd təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, bu il mayın 1-i ilə müqayisədə isə 1%, yanvarın 1-nə nisbətən 8,9 %, ötən il iyunun 1-i ilə müqayisədə 20,5 % çoxdur.
O cümlədən, son 1 ildə ölkədə debet kartlarının sayı 19,4 % artaraq 10,494 milyona, kredit kartlarının sayı isə 29,2 % artaraq 1,526 milyona çatıb. Bu kartlar üzrə dövriyyənin həcmi isə müvafiq olaraq 4,245 milyon manat (illik müqayisədə 59,7 % çox) və 313 milyon manat (79,9 % çox) təşkil edib.
May ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 1,81 milyard manat təşkil edib. Bu, illik müqayisədə 2,4 dəfə çoxdur.
Hesabat dövrünə ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 41,6 %-ni təşkil edib.
İyunun 1-nə bankomatların sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 5,3 %, POS-terminalların sayı 15% artıb. Hal-hazırda bankomatların sayı 2 933 ədəd, onlardan Bakı üzrə 1 555 ədəd təşkil edir, POS-terminalların sayı isə 68 588 ədəddir (Bakı üzrə - 46 345).
Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə qiqantları Azərbaycan bankları ilə də əməkdaşlıq edir.