Azərbaycanda nağdsız ödənişlərin məbləği iyunda 70 % artıb
- 26 iyul, 2024
- 13:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin iyun ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 70 % artaraq - 6 milyard 103 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 5 milyard 122 milyon manatı (83,9 %) elektron ticarətin payına düşüb.
Qalan məbləğin 972 milyon manatı POS-terminallar, 7 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının həcminin 62,5 %-ni təşkil edib.
Bu il iyulun 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 18 milyon 091 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 1,3 %, ilin əvvəlinə nisbətən 6,9 %, illik müqayisədə isə 20,3 % çoxdur.
Son 1 ildə ölkədə debet kartlarının sayı 21,5 % artaraq 15,816 milyona, kredit kartlarının sayı isə 12,6 % artaraq 2,275 milyona çatıb. Bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 9,155 milyard manat (illik müqayisədə 40,2 % çox) və 669 milyon manat (44,5 % çox) təşkil edib.
Hesabat dövründə ölkədə bankomatların sayı 2,5%, POS-terminalların sayı isə 19,5 % artaraq müvafiq olaraq 3 159 ədəd (Bakı üzrə 1 670 ədəd) və 97 718 ədəd (Bakı üzrə 62 598 ədəd) təşkil edib.
Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə qiqantları Azərbaycan bankları ilə də əməkdaşlıq edir.