Azərbaycanda nağdsız ödənişlərin məbləği iyulda 60 % artıb

Maliyyə
  • 31 avqust, 2024
  • 13:53
Azərbaycanda nağdsız ödənişlərin məbləği iyulda 60 % artıb

Bu ilin iyul ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği 2023-cü ilin eyni dövrü ilə müqayisədə 60 % artaraq - 7 milyard 280 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 6 milyard 102 milyon manatı (83,8 %-i) elektron ticarətin payına düşüb.

Qalan məbləğın 1 milyard 168 milyon manatı POS-terminallar, 9,4 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının həcminin 62,7 %-ni təşkil edib.

Bu il avqustun 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 18 milyon 340 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 1,4 %, ilin əvvəlinə nisbətən 8,4 %, illik müqayisədə isə 19,5 % çoxdur.

Son 1 ildə ölkədə debet kartlarının sayı 20,8 % artaraq 16,054 milyona, kredit kartlarının sayı isə 11,4 % artaraq 2,286 milyona çatıb. Bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 10,907 milyard manat (illik müqayisədə 38,3 % çox) və 774 milyon manat (34,4 % çox) təşkil edib.

Hesabat dövründə ölkədə bankomatların sayı 3 %, POS-terminalların sayı isə 19,4 % artaraq müvafiq olaraq 3 179 ədəd (Bakı üzrə 1 685 ədəd) və 99 179 ədəd (Bakı üzrə 63 190 ədəd) təşkil edib.

Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə qiqantları Azərbaycan bankları ilə də əməkdaşlıq edir.

44 - Tezliklə