Azərbaycanda nağdsız ödənişlərin məbləği apreldə 90 % artıb
- 25 may, 2024
- 13:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin aprel ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği 2023-cü ilin eyni dövrü ilə müqayisədə 90 % artaraq - 6 milyard 147 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 5 milyard 149 milyon manatı (83,8 %) elektron ticarətin payına düşüb.
Qalan məbləğin 990 milyon manatı POS-terminallar, 8 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının həcminin 62 %-ni təşkil edib.
Bu il mayın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 17 milyon 676 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 1,5 %, ilin əvvəlinə nisbətən 4,4 %, illik müqayisədə isə 22,2 % çoxdur.
Son 1 ildə ölkədə debet kartlarının sayı 22,9 % artaraq 15,386 milyona, kredit kartlarının sayı isə 17,5 % artaraq 2,29 milyona çatıb. Bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 9,329 milyard manat (illik müqayisədə 57,8 % çox) və 690 milyon manat (65,5 % çox) təşkil edib.
Hesabat dövründə ölkədə bankomatların sayı 3,2 %, POS-terminalların sayı isə 17,4 % artaraq müvafiq olaraq 3 174 ədəd (Bakı üzrə 1 656 ədəd) və 92 874 ədəd (Bakı üzrə 60 151 ədəd) təşkil edib.
Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə qiqantları Azərbaycan bankları ilə də əməkdaşlıq edir.