Azərbaycanda nağdsız ödənişlərin məbləği 2 dəfəyə yaxın artıb
- 30 mart, 2024
- 13:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin fevral ayında Azərbaycanda nağsız əməliyyatların məbləği 2023-cü ilin eyni dövrü ilə müqayisədə 90 % (2 dəfəyə yaxın) artaraq - 5 milyard 468 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bunun 4 milyard 562 milyon manatı elektron ticarətin payına düşüb.
Qalan məbləğin 897 milyon manatı POS-terminallar, 8,5 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının həcminin 61,8 %-ni təşkil edib.
Bu il martın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 17 milyon 343 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 0,6 % çox, ilin əvvəlinə nisbətən 2,5 % çox, illik müqayisədə isə 23,7 % çoxdur.
Son 1 ildə ölkədə debet kartlarının sayı 24,3 % artaraq 15,081 milyona, kredit kartlarının sayı isə 20,3 % artaraq 2,262 milyona çatıb. Bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 8,623 milyard manat (illik müqayisədə 52,2 % çox) və 625 milyon manat (55,9 % çox) təşkil edib.
Hesabat dövründə ölkədə bankomatların sayı 2 %, POS-terminalların sayı isə 14,4 % artaraq müvafiq olaraq 3 136 ədəd (Bakı üzrə 1 626 ədəd) və 90 505 ədəd (Bakı üzrə 58 997 ədəd) təşkil edib.
Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə qiqantları Azərbaycan bankları ilə də əməkdaşlıq edir.