Azərbaycanda nağdsız ödənişlərin həcmi oktyabrda 2 dəfə artıb
- 10 dekabr, 2022
- 12:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il noyabrın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 12 milyon 925 min ədəd təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, bu ilin oktyabrın 1-i ilə müqayisədə 1,2 %, yanvarın 1-nə nisbətən 17,1 %, ötən il noyabrın 1-i ilə müqayisədə 21,1 % çoxdur.
O cümlədən, son 1 ildə ölkədə debet kartlarının sayı 20,2 % artaraq 11,226 milyona, kredit kartlarının sayı isə 27,6 % artaraq 1,699 milyona çatıb. Bu kartlar üzrə dövriyyənin həcmi müvafiq olaraq 5,122 milyard manat (illik müqayisədə 62,2 % çox) və 313 milyon manat (35,5 % çox) təşkil edib.
Oktyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2 milyard 306,5 milyon manat təşkil edib. Bu, illik müqayisədə 2 dəfə çoxdur.
Hesabat dövrünə ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 44,4 %-ni təşkil edib.
Noyabrın 1-nə bankomatların sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,3 %, POS-terminalların sayı 23 % artıb. Hazırda bankomatların sayı 2 965 ədəd, onlardan Bakı üzrə 1 558 ədəd təşkil edir, POS-terminalların sayı isə 75 078 ədəddir (Bakı üzrə - 50 491).
Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə qiqantları Azərbaycan bankları ilə də əməkdaşlıq edir.