Azərbaycanda nağdsız ödənişlərin həcmi iyunda 2 dəfədən çox artıb
- 30 iyul, 2022
- 13:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il iyulun 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 12 milyon 244 min ədəd təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci ilin iyunun 1-i ilə müqayisədə 1,9 %, yanvarın 1-nə nisbətən 10,9 %, ötən il iyulun 1-i ilə müqayisədə 21,8 % çoxdur.
O cümlədən, son 1 ildə ölkədə debet kartlarının sayı 20,9 % artaraq 10,693 milyon manat, kredit kartlarının sayı isə 28,9 % artaraq 1,551 milyona çatıb. Bu kartlar üzrə dövriyyənin həcmi müvafiq olaraq 4,689 milyard manat (illik müqayisədə 72,5 % çox) və 333 milyon manat (78,1 % çox) təşkil edib.
İyun ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2,013 milyard manat təşkil edib. Bu, illik müqayisədə 2,4 dəfə çoxdur.
Hesabat dövrünə ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 41,9 %-ni təşkil edib.
İyulun 1-nə bankomatların sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 4,7 %, POS-terminalların sayı 17,2 % artıb. Hal-hazırda bankomatların sayı 2 935 ədəd, onlardan Bakı üzrə 1 555 ədəd təşkil edir, POS-terminalların sayı isə 70 517 ədəddir (Bakı üzrə - 47 307).
Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə qiqantları Azərbaycan bankları ilə də əməkdaşlıq edir.