Azərbaycanda Milli Ödəniş Sistemi ilə əməliyyatların ümumi dəyəri 10 %-ə yaxın artıb

Maliyyə
  • 19 noyabr, 2025
  • 10:24
Azərbaycanda Milli Ödəniş Sistemi ilə əməliyyatların ümumi dəyəri 10 %-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda Milli Ödəniş Sistemi (MÖS) ilə 590 milyard manat dəyərində əməliyyat aparılıb.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev rəhbərlik etdiyi qurumun "Mastercard" beynəlxalq kart təşkilatı ilə əməkdaşlığı çərçivəsində Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 % çoxdur.

"Rəqəmsallaşma, xüsusilə rəqəmsal ödəniş ekosisteminin inkişafı və nağdsız ödənişlərin günü gündən artan payı da bizim üçün vacib irəliləyiş göstəricisidir. Həyata keçirilən islahatlar nəticəsində milli ödəniş sistemi infrastrukturu üzərindən emal edilən ödəniş əməliyyatlarının ümumi dövriyyəsi genişlənməkdə davam edir", - deyə o qeyd edib.

Bundan başqa, Z.Nuriyevin sözlərinə görə, həmin dövrdə ödəniş kartları ilə ölkədaxili ödəniş əməliyyatlarının məbləği 72,2 milyard manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 29,1 % çoxdur: "Bu sürətli artım nağdsız ödənişlərin ümumi ödənişlərdəki payını da 4 faiz bəndi yüksəldərək 67,4 %-ə çatdırıb".

"ABA olaraq rəqəmsal ödəniş ekosisteminin gələcək inkişaf perspektivləri və təhlükəsiz fəaliyyətinin təmin edilməsi istiqamətində zəruri hesab etdiyimiz islahatlara dair fikirlərimizi son dövrlərdə fərqli platformalarda səsləndirməyə davam edirik. Növbəti strateji dövrdə nəzdində innovasiya habının yaradılması, rəqəmsal bankçılıq üzrə yeni nəsil qanunvericilik bazasının qəbul edilməsi, ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində qanunvericilik bazasının mövcud reallıqlar və inkişaf tendensiyası nəzərə alınaraq təkmilləşdirilməsi, habelə "sandbox" rejimində tətbiq edilən nəzarət çərçivəsinin bir qədər yumşaldılması həyata keçirilməsini gözlədiyimiz islahatlardandır", - deyə o qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti