Azərbaycanda katastrofik risklərin modelləşdirməsini əngəlləyən amillər açıqlanıb

Maliyyə
  • 24 may, 2024
  • 09:57
Azərbaycanda katastrofik risklərin modelləşdirməsini əngəlləyən amillər açıqlanıb

Azərbaycanda bəzi dəyərli məlumatların olmaması katastrofik risklərin modelləşdirməsinə əngəl yaradır.

“Report” xəbər verir ki, bunu “AzRe” ASC-nin baş icraçı direktoru Vüsal Abbasov Bakıda keçirilən Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi Konfransında bildirib.

“Azərbaycanda modelləşdirmə üçün bəzi dəyərli məlumatlar yoxdur. Söhbət tikintinin növü, strukturu, ili, mərtəbə sayı haqqında məlumatlardan gedir. Halbuki bunlar çox vacib DATA-lardır. Çünki kərpic bina ilə beton konstruksiyalı binaya 7 ballı zəlzələ eyni cür təsir etmir. Onların müxtəlif dözümlük dərəcəsi var. Bunu binanın tikilmə ili barədə də demək mümkündür. Belə ki, müxtəlif illərdə fərqli tikinti standartları mövcud olub ki, bu da bilavasitə zəlzələyə dözümlüyə təsir edir.

Modelləşdirmə portfelimizin əsasən hansı risklərdən ibarət olduğunu başa düşməliyik. Zəlzələ baş verəndə bunun bizim portfelə necə təsir edəcəyini müəyyən etməliyik. Bu baxımdan adıçəkilən məlumatları mütləq şəkildə əldə etməyə çalışmalıyıq”, - deyə o qeyd edib.

Katastrofik risklərə qarşı təkrarsığorta təminatının alınmaması risklərindən danışan V.Abbasov, bunun ilk növbədə kapitalın və mənfəətin ciddi azalmasına səbəb ola biləcəyini diqqətə çatdırıb: “Hadisə baş verəndə böyük zərər ödəməli olduğumuz təqdirdə portfelimizdə olan istiqrazları satmalı, bank depozitlərini ləğv etməli oluruq. Bu isə öz növbəsində likvidlik problemi yaradır. Şirkətin böyük zərərlə üzləşməsi onun üçün reputasiya riskləri yardır ki, bu da investisiya itkilərinə səbəb olur. Strateji risk kimi isə müflisləşməyə gətirib çıxara bilər. Bu baxımdan inkişaf etmiş ölkələrin qanunvericiliyi, minimum 200 ilik dövr üçün ehtimal olunan maksimum zərər məbləği (PML) üçün risklərinin ötürülməsi mexanizmini sığortaçılardan tələb edir".

44 - Tezliklə