Azərbaycanda kartlar vasitəsilə nağdsız ödənişlərin həcmi 2,2 dəfə artıb
- 28 iyun, 2023
- 11:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il iyunun 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 14 milyon 741 min ədəd təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 1,9 %, ilin əvvəlinə nisbətən 8,1 %, 2022-ci il iyunun 1-i ilə müqayisədə isə 18,6 % çoxdur.
Son 1 ildə ölkədə debet kartlarının sayı 17,3 % artaraq 12,762 milyona, kredit kartlarının sayı isə 27,3 % artaraq 1,979 milyona çatıb. Bu kartlar üzrə dövriyyənin həcmi müvafiq olaraq 7,042 milyard manat (illik müqayisədə 65,9 % çox) və 511 milyon manat (45,6 % çox) təşkil edib.
Ölkədaxili nağdsız əməliyyatların həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artıb. May ayında kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 3 milyard 930 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 3 milyard 097 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 826 milyon manatı POS-terminallar, 6 milyon manatı isə özünə xidmət terminallarının vasitəsilə həyata keçirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 52 %-ni təşkil edib.
Bu il iyunun 1-nə bankomatların sayı illik müqayisədə 2,6 %, POS-terminalların sayı 16,1 % artıb. Respublika üzrə bankomatların sayı 3 075 ədəd, onlardan Bakı üzrə 1 602 ədəd təşkil edir, POS-terminalların sayı isə 80 462 ədəddir (Bakı üzrə -55 404).
Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə qiqantları Azərbaycan bankları ilə də əməkdaşlıq edir.