Azərbaycanda nağdsız ödənişlərin məbləği iyulda 2 dəfə artıb
- 26 avqust, 2023
- 13:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin iyul ayında Azərbaycanda nağsız əməliyyatların məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çox - 4 milyard 556 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bunun 3 milyard 583 milyon manatı elektron ticarətin payına düşür.
Qalan məbləğin 965 milyon manatı POS-terminallar, 7 milyon manatı isə özünə xidmət terminallarının vasitəsilə həyata keçirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının həcminin 53 %-ni təşkil edib.
Bu il avqustun 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 15 milyon 346 min ədəd təşkil edib. Bu, iyulun 1-i ilə müqayisədə 2 %, ilin əvvəlinə nisbətən 12,6 %, ötən il avqustun 1-i ilə müqayisədə isə 19,5 % çoxdur.
Son 1 ildə ölkədə debet kartlarının sayı 18,7 % artaraq 13,294 milyona, kredit kartlarının sayı isə 24,5 % artaraq 2,052 milyona çatıb. Bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 7,885 milyard manat (illik müqayisədə 65,1 % çox) və 576 milyon manat (57,4 % çox) təşkil edib.
Bu il avqustun 1-nə bankomatların sayı illik müqayisədə 2,6 %, POS-terminalların sayı 17,1 % artıb. Respublika üzrə bankomatların sayı 3 087 ədəd, onlardan Bakı üzrə 1 603 ədəd təşkil edir, POS-terminalların sayı isə 83 080 ədəddir (Bakı üzrə -56 635).
Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə qiqantları Azərbaycan bankları ilə də əməkdaşlıq edir.