Azərbaycanda istiqrazların birbaşa ticarəti mümkün olacaq

Maliyyə
  • 29 yanvar, 2026
  • 12:49
Azərbaycanda istiqrazların birbaşa ticarəti mümkün olacaq

"Bakı Fond Birjası" QSC (BFB) bu il məsafədən istiqrazların ticarəti funksionallığının istifadəyə verilməsini planlaşdırır.

Bunu "Report"a açıqlamasında BFB-nin İdarə Heyətinin üzvü Oqtay Qasımov bildirib.

Onun sözlərinə görə, investor marağını artırmaq üçün daha çox əlçatanlığı artırmaq lazımdır: "Biz istiqraz bazarının əlçatanlığını artırmaq üçün müvafiq texnoloji platformamızda təkmilləşdirmə aparırıq ki, səhmlər kimi istiqrazların da məsafədən ticarəti mümkün olsun və bu il ərzində bu funksionallığı bazara verməyi planlaşdırırıq".

O. Qasımov qeyd edib ki, hazırda istiqrazlar BFB-də ticarət olunmaq üçün investorların sifarişi əsasında investisiya şirkətləri tərəfindən yerləşdirilir: "Həmin alış-satış sifarişləri bir-birilə eyniləşdirilir. İstiqrazların məsafədən ticarəti funksionallığı ilə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmlərində olduğu kimi, investorlar mobil tətbiq üzərindən qiymətli kağızların alış və satışını həyata keçirə biləcəklər.

Eyni qaydada istiqrazlarda da bu, olacaq. Yəni, investisiya şirkətlərinə sifariş vermədən, sərbəst şəkildə mobil tətbiq üzərindən bu satış-alışlarını həyata keçirə biləcəklər. Yəni, ABB səhmlərində olduğu kimi, istiqrazlarda da bu imkan bazara təqdim olunacaq".

Son xəbərlər

Bütün Xəbər Lenti