Azərbaycanda istiqraz ticarəti ilk dəfə "təmiz qiymət" prinsipilə baş tutub
- 16 oktyabr, 2025
- 13:01

"Bakı Fond Birjası" QSC (BFB) Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) istiqrazlarının ticarətini ilk dəfə beynəlxalq standartlara uyğun olaraq "təmiz qiymət" ("clean price") prinsipi ilə həyata keçirib.
"Report" bu barədə BFB-yə istinadən xəbər verir.
Məlumata görə, bu, Azərbaycanın kapital bazarı üçün mühüm bir mərhələ sayılır. Belə ki, əvvəlki illərdə istiqrazlar "çirkli qiymət" ("dirty price") üsulu ilə ticarət olunurdu, yəni qiymət hesablanarkən istiqrazın toplanmış faiz gəliri ("accrued interest") də həmin qiymətə əlavə edilirdi. Bu yanaşma istiqrazın həm bazar dəyərini, həm də indiyə qədər hesablanmış faiz hissəsini özündə birləşdirirdi.
Yeni tətbiq olunan "təmiz qiymət" prinsipi isə istiqrazın yalnız bazar dəyərinə əsaslanır, yəni qiymətin hesablanmasına toplanmış faiz daxil edilmir. Bu prinsipdə faiz gəliri ayrıca hesablanır və alqı-satqı zamanı ayrılıqda göstərilir.
Bu prinsipin tətbiq edilməsi beynəlxalq təcrübəyə keçid deməkdir və son nəticədə qiymət formalaşmasında şəffaflıq artır, investorlar üçün müqayisə və analiz daha dəqiq olur, yerli bazarın beynəlxalq standartlara inteqrasiyası sürətlənir.
"Şəffaflığı, hesabatlılığı və bazar bütövlüyünü təşviq edərək, dayanıqlı inkişaf və sabitliyi dəstəkləyən əlverişli bir mühitin yaradılması BFB-nin hədəflərindən biridir", - deyə məlumatda qeyd olunub.