Azərbaycanda ilk kriptovalyuta birjası yaradılıb

Maliyyə
  • 18 dekabr, 2023
  • 13:43
Azərbaycanda ilk kriptovalyuta birjası yaradılıb

Azərbaycanda ilk kriptovalyuta birjası - azebirja.az yaradılıb.

Bunu “Report”a birjanın rəhbərinin müşaviri Elnur Quliyev bildirib.

Onun sözlərinə görə, azebirja.az Azərbaycan istifadəçilərinə “virtual aktiv xidməti təminatçısı” fəaliyyət kodu üzrə ötən ay qeydiyyatdan keçirilib.

"Azərbaycanda yerli kriptovalyuta birjasına ehtiyac var idi. 2017-ci ildən bu sektora maraq artmaqdadır. Buna baxmayaraq milli qanunvericilik aktlarının olmaması korporativ şirkətlərin və sadə vətəndaşların rəqəmsal aktivlərə investisiya etmək imkanını məhdudlaşdırıb. Bundan əlavə, sektor üzrə tənzimləmə mexanizminin olmamasından istifadə edən fırıldaqçı şirkətlər kriptovalyuta almaqla qazanc əldə etmək adı altında müxtəlif tipli maliyyə piramidaları (instpower, ocos, crowd-1) sxemləri qurub, investorların vəsaitlərini mənimsəyiblər”, - deyə mütəxəssis qeyd edib. E.Quliyev bildirib ki, hazırda kriptovalyuta bazarında qiymətlərin artması müşahidə edilir, amma bundan yararlanmaq istəyən vətəndaşlar investisiyanı təhlükəsiz, minimum komissiya xərci və ən əsas da qanun çərçivəsində necə edəcəyini bilmirlər.

Onun sözlərinə görə, “azebirja.az”ın əsas missiyası Azərbaycanda rəqəmsal aktivlərlə ticarəti daha asan və təhlükəsiz etməkdir: “Bundan əlavə, birja istifadəçiləri milli valyuta – manat ilə ticarət edə biləcək və bu zaman daha az komissiya xərci ödəyəcəklər. “azebirja.az” kiçik məbləğlərdə yatırım etmək istəyən vətəndaşlar və həvəskar investorlar üçün əla fürsətdir. Birja mövcud qanunvericilik çərçivəsində tam şəffaf fəaliyyət göstərir. Onun 7/24 fəaliyyət göstərən *7800 “Çağrı Mərkəzi” var. Birja ölkənin maliyyə tənzimləyici orqanları (Azərbaycan Mərkəzi Bankı, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Maliyyə Monitorinqi Xidməti) ilə mütəmadi görüşlər keçirir və verilən müvafiq tövsiyələri nəzərə alaraq qanunvericilik əsasında işləyir".

“azerbirja.az”ın əsas üstünlüklərini diqqətə çatdıran E.Quliyev vurğulayıb ki, burada əsas məqam Azərbaycan dilində rahat istifadə edilə bilən platformanın, asan qeydiyyat və biometrik KYC (öz müştərini tanı) mexanizminin tətbiqi, 170-dən çox rəqəmsal aktivlər üzrə ticarətin olmasıdır: "Birjaya minimal mədaxil məbləği 10 manatdır. Bu, istənilən bank kartı, “Mpay”, “eManat” vasitəsilə mümkündür. Birja cüzdanına gündəlik mədaxil limiti 5 000 manatdır. Birjadakı cüzdana manat ilə yanaşı rəqəmsal aktivlər (BTC, ETH, USDT və s) ilə mədaxil və yaxud məxaric etmək mümkündür. Bundan əlavə hesab üzrə mövcud rəqəmsal aktivlərinizi istənilən elektron cüzdana və yaxud digər birja hesabınıza göndərmək imkanı var. Gündəlik məxaric limiti: manat ilə 2 000 manat, kriptovalyuta ilə 1 000 ABŞ dolları təşkil edir. Birjaya mədaxil və məxaric limitləri ölkənin müvafiq qanunvericilik aktları nəzərə alınaraq müəyyən edilir”.