Azərbaycanda ilk dəfə Maliyyə Texnologiyaları və Blokçeyn Forumu keçiriləcək

Maliyyə
  • 08 may, 2018
  • 07:33
Azərbaycanda ilk dəfə Maliyyə Texnologiyaları və Blokçeyn Forumu keçiriləcək
Report

Bakı. 8 may. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə mayın 17-18-də Bakıda "Maliyyə Texnologiyalarında Yeni Trendlər: Blokçeyn, Kriptovalyutalar və Təhlükəsizlik" mövzusunda forum keçiriləcək.

Bu barədə "Report" ABA-ya istinadən xəbər verir. 

Məlumata görə, tədbirdə informasiya texnologiyaları və maliyyə sahəsində ixtisaslaşmış beynəlxalq və regional şirkətlərin nümayəndələri iştirak edəcəklər. 

Forum maliyyə texnologiyaları, blokçeyn, kriptovalyuta və digər yeniliklərin, həmçinin əlaqədar təhlükəsizlik məsələlərinə dair cari və gələcək tendensiyaların müzakirə edilməsini nəzərdə tutur. Məqsəd maraqlı tərəflərin bu yeniliklər barədə geniş məlumatlandırılması, maliyyə qurumları və digər təşkilatların innovasiyalara dair vizyonunun formalaşdırılmasına dəstək və yeni texnologiyaların cari fəaliyyətlərində tətbiqi imkanlarının araşdırılmasıdır.

Üç paneldən ibarət olan forumda blokçeyn və kriptovalyutalar sahəsində Avropa və ABŞ trendləri, yeni imkanlar və yeni risklər, bank sektorunda süni intellektin tətbiqi, məlumatların təsnifləşdirilməsi və mühafizəsi, rəqəmsallaşmada təhlükəsizlik məsələləri, ATM və ödəniş kartlarının təhlükəsizliyi ilə bağlı mövzular və xarici ölkərlərin təcrübələri əhatə olunacaq.

Maliyyə-iqtisadiyyat sahəsində tənzimləyici və nəzarət orqanlarının rəhbər nümayəndələri, kommersiya banklarının yuxarı menecmenti, biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələrinin, akademik dairələrin forumda iştirakı gözlənilir.