Azərbaycanda icmal büdcəyə daxil olan fondların büdcəsinin icrası audit ediləcək
- 21 aprel, 2026
- 13:23
Hesablama Palatası bu il həm Dövlət Neft Fondunun, həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, həm də nazirlik yanında İşsizlikdən Sığorta Fondunun büdcəsinin icrasının auditini həyata keçirməyi planlaşdırır.
"Report" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Palatanın sədri Vüqar Gülməmmədov bildirib.
"Hazırda icmal büdcəyə daxil olan fondların böyümə tempi dövlət büdcəsinin artım tempini üstələyir", - deyə o qeyd edib.
Bundan başqa, sədrin sözlərinə görə, Azərbaycanda gələcəkdə smart auditlərin həyata keçirilməsi planlaşdırılır: "Palata auditin strateji tərəfdaşlıq və dəyər yaratma komponentlərini özündə birləşdirən müasir modelinə doğru irəliləmək istəyir. Qarşıdakı dövr üçün qəbul edilmiş 2026-2030-cu illər üzrə strateji planın əsas qayəsi dövlət auditində daha çox yüksək texnologiyaların istifadəsidir. Bu isə auditor mühakiməsini və skeptisizmini bir qədər də artıracaq. Biz gələcəkdə dəyər-mənfəət auditlərinə diqqət yetirəcəyik, daha yaradıcı və smart auditlərdən istifadə etməyə çalışacağıq".