Azərbaycanda icbari sığorta bazarı 17 %-dən çox kiçilib

Maliyyə
  • 29 avqust, 2026
  • 14:29
Azərbaycanda icbari sığorta bazarı 17 %-dən çox kiçilib

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 183,36 milyon manat sığorta haqqı toplanılıb.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,2 % azdır.

Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 95,162 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 18,1 % çoxdur.

Beləliklə, 7 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 51,9 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 36,4 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 6,409 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,3 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 671,436 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 26,9 % çoxdur.

7 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 66,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 56,4 manat olub.